BMT Yəməndə aclıq barədə xəbərdarlıq edir

BMT Yəməndə aclıq barədə xəbərdarlıq edir
27 Yanvar 2017
Mətni dəyiş
Yəməndə davam edən hərbi münaqişə müasir dünyada miqyasına görə ən böyük aclığa səbəb ola bilər, BMT-nin fövqəladə yardım koordinatoru Steven O'brien bildirib.
O, Təhlükəsizlik Şurasının iclasında çıxış edərək deyib ki, Yəmən əhalisinin təxminən 10 milyonu qida məhsullarının çatışmazlığından əziyyət çəkir. Onlardan əksəriyyəti isə acından ölüm həddindədir.
BMT nümayəndəsi onlar arasında 2,2 milyon uşağın da olduğunu qeyd edib.
"Yəməndəki humanitar vəziyyət pisləşir. Silahlı münaqişənin dərinləşməsi müşahidə olunur. Ölkədə hər gün hava bombardmanı və silahlı toqquşmalar davam edir. Son həftə ərzində biz 365 insident barədə məlumatlar almışıq", cənab O'brien əlavə edib.
2014-ci ilin avqust ayından bəri Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi hakimiyyət və şiə qiyamçılar -hutilər arasında qarşıdurma davam edir.
BMT nümayəndəsi bildirib ki, münaqişə nəticəsində Yəməndə 7469 nəfər öldürülüb və 40 min insan yaralanıb.
BMT, əhaliyə humanitar yardım çatdırmaq üçün tərəfləri barışığa çağırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun