Azərbaycanda siqareti tərgitmək istəyənlərin statistikası

Azərbaycanda siqareti tərgitmək istəyənlərin statistikası
6 Yanvar 2017
Mətni dəyiş
Azərbaycanda ilk dəfə olaraq, pilot layihə çərçivəsində yaradılan tütündən imtina üzrə kabinetə siqareti tərgitmək üçün müraciət edənlərin sayı açıqlanıb.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün yaradılan tütündən imtina üzrə tibbi məsləhət kabinetinin həkim-konsultantı Şəhla Mirzəzadə Trend-ə bildirib ki, 2016-cı ilin noyabrın 1-dən fəaliyyətə başlayan tütündən imtina üzrə kabinetə bu ilin əvvəlinədək ümumilikdə 171 nəfər müraciət edib:
"Onların 42-si yardım üçün kabinetə gəlib, 129 nəfər isə telefonla müraciət edib. Kabinetə gələnlərin 4-ü (onların hamısı anonimliyinin qorunmasını istəyiblər), telefonla müraciət edənlərin 38-i qadın olub. Telefonla müraciət edən qadınların 5-i özünə görə, qalanları isə ataları, oğulları, qardaşları və həyat yoldaşlarının siqareti tərgitməsi üçün müraciət ediblər. Ümumilikdə müraciət edənlərin əksəriyyəti yaşı 55-dən çox olanlardır. Kabinenetə gələnlər əsasən 18-44, telefonla müraciət edənlər isə 25-44 yaşlı insanlar olub. Kabinetə gələnlər arasında 15-17 yaşlı bir oğlan olub ki, onu da kabinetə valideyni gətirib. Telefonla zəng edənlər arasında 15-17 yaşlı bir oğlan isə atasına görə kabinetə zəng etdiyini bildirib”.
Ş.Mirzəzadə qeyd edib ki, telefonla zəng edənlərin çoxu – 27 nəfər 10 ilədək, 25 nəfəri 10-20 ilədək, 11 nəfəri 20-30 ilədək, 7 nəfəri 30-40 ilədək, 8 nəfəri 40 ildən çox siqaret çəkənlər olub. Kabinetə gələnlərin 10-u 10 ilədək, 6 nəfəri 10-20 ilədək, 11 nəfəri 30-40 ilədək, 1 nəfəri 40 ildən çox siqaret çəkənlər olub.
Telefonla müraciət edənlərin 33 nəfəri gün ərzində 20 ədədək, 31 nəfəri 20-40 ədədək, 5 nəfəri 40 ədəddən çox, kabinetə müraciət edənlərin 12 nəfəri gün ərzində 20 ədədək, 22 nəfəri 20-40 ədədək, 8 nəfəri 40 ədəddən çox siqaret çəkir. Kabinetə gələnlərin 17-də, telefonla müraciət edənlərin isə 13-də yanaşı xəstəliklər olub.
Telefonla müraciət edənlərin 114-ü Bakıdan, qalanları isə Gəncə, Mingəçevir, Goyçay, Tovuzdan zəng vurub. Rayonlar arasında ən çox müraciət Gəncədən daxil olub.
Qeyd edək ki, 2016-cı ilin noyabrın 1-dən fəaliyət göstərən tütündən imtina üzrə tibbi məsləhət kabineti və kabinetin “Qaynar xətt”i (012 530 32 43) “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın müvafiq tələblərinə uyğun olaraq yaradılıb. Layihə çərçivəsində tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslərə professional tibbi yardım göstərilib və psixoloji məsləhətlər verilib.
Xatırladaq ki, Azərbaycanda aparılan təxmini hesablamalara görə, kişilərin 40-60 faizi, qadınların isə 2-10 faizi siqaret çəkir.
Azərbaycanda 15 yaşdan yuxarı olanların 36%-i siqaret çəkir. Ölkədə ağciyər xəstəliklərindən ölən 35 yaşdan yuxarı kişilərin 85%-də əsas səbəb olaraq tütün çəkmə göstərilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun