Tarif Şurası elektrik enerjisi və təbii qazın istifadəsi ilə bağlı qərarını dəyişib

Tarif Şurası elektrik enerjisi və təbii qazın istifadəsi ilə bağlı qərarını dəyişib
22 Dekabr 2016
Mətni dəyiş
Azərbaycanda elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırılıb.
Bu barədə məlumatı keçirdiyi brifinqdə iqtisadiyyat naziri Şahin Mustafayev Tarif Şurasının bu gün keçirilən növbədənkənar iclasından sonra deyib.
Onun sözlərinə görə, bu qərar ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığı əsasında qəbul olunub.
Belə ki, təbii qazın pərakəndə satış tarifinə görə, əhali üzrə illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrədək artırılıb.
Başqa sözlə, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Bundan başqa, əhali üzrə aylıq elektrik enerjisi istehlakı üzrə limit 250 kilovat-saatdan 300 kilovat-saatadək artıb.
Sadə dillə desək, elektrik enerjisinin pərakəndə satış tarifi əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Bununla da, son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62%-dən 75%-dək, elektrik enerjisi üzrə isə 72%-dən 80%-dək yüksəlmiş olur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun