"Saytın bağlanmasına cavab olaraq Meydan TV qəzetinin yayılmasına başlayacağıq"

"Saytın bağlanmasına cavab olaraq Meydan TV qəzetinin yayılmasına başlayacağıq"
27 Dekabr 2016
Mətni dəyiş
“Azadlıq” və “Amerikanın səsi” radiolarının saytlarına Azərbaycan ərazisində giriş yenidən bloklanıb. Bu problem bir müddətdir ki, davam edir.
Azərbaycan hakimiyyətinin ünvanına tənqidi materiallar dərc edilən kimi bu radiostansiyaların Azərbaycan xidmətlərinin saytları bloklanır.
“Meydan” TV və “Azadlıq” qəzetinin saytları ilə bağlı eyni vəziyyət yaranıb. Ölkə xaricində həmin saytlara giriş mümkündür.
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bloklanmanın səbəblərini açıqlamır.
Məsələ ilə bağlı Meydan TV-nin direktoru Emin Milli açıqlama yayıb. O, bildirib ki, bir neçə gündür Azərbaycan iqtidarı Meydan TV-nin saytını bloklamağa çalışır:
"Son 4 ildə dəfələrlə bizə, əməkdaşlarımıza qarşı müxtəlif təzyiqlərə, həbslə hədələrə, cinayət işləri açmalara cavab olaraq bəyan etmişik ki, bizim cavabımız çox sadədir - biz izləyicilər və bizi oxuyanların sayını artırmaqla bu hücumların bizə təsir etmədiyini sübut edəcəyik. Bütün bu hücumların nəticəsi olaraq - bu gün ölkənin 25% Meydan TV-ni izləyir".
Saytın direktoru bəyan edib ki, saytlarının bağlanmasına cavab olaraq onlar Meydan TV qəzetinin yayılmasına başlayacayıq. O, bildirib ki, çalışacaqlar qəzet xalqın mətbuat orqanına çevrilsin, bunu hər kəs qohumlarına və dostlarına həm elektron variantda, həm də şəxsən çap edib yaya bilsin.
Sayt rəhbəri deyib ki, rəsmi qurumlar Meydan TV-nin saytını blok etməklə insanların onlara olan etibarını, inamını və sevgisini daha da artırmış olduqlarının və eyni zamanda azad media qarşısında öz acizliyini numayiş etdirdiklərinin fərqində deyillər.
"Biz ölkəmizin, cəmiyyətimizin inkişafı üçün azad medianın, müstəqil mətbuatın vacib olduğunu düşünürük və bunun üçün hər zaman çalışacağımızı bəyan edirik. Bu məqsədlə xalqımıza daim doğru xəbər və məlumatları çatdıracağıq. Bizi heç kim və heç nə bu missiyamızdan çəkindirə bilməyəcək. Xalqımızdan isə xahişimiz budur ki, bizi daha çox oxuyub, daha çox izləyib və daha çox paylaşıb, yaysınlar", - deyə Emin Milli vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun