Şamaxıda torpaq sürüşməsi aktivləşib

Şamaxıda torpaq sürüşməsi aktivləşib
22 Dekabr 2016
Mətni dəyiş
Son bir ayda intensiv olaraq yağan yağış və qardan sonra Şamaxı şəhərində və kəndlərdə torpaq sürüşməsi yenidən aktivləşərək geniş ərazini əhatə edib.
Son vaxtlar şəhərin Hüseyn Ciddi küçəsində və Şəhidlər xiyabanının ətrafında sürüşmə sahəsi daha da genişlənib. 30-dan çox evdə çatlar əmələ gəlib. Torpaq sürüşməsi zamanı vətəndaşlara məxsus daha 4 fərdi evin divarlarında iri çatlar əmələ gəlib, yaşayış üçün təhlükəli vəziyyət yaranıb.
Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi Şahnəzər Qasımov bildirib ki, şəhərin şimal-şərq hissəsində hazırda 10-dan çox ev qəzalı vəziyyətdədir:
“Mənzillərin divarlarında iri çatlar əmələ gəlib. Evlər hər an sürüşmə zamanı dağıla bilər. Sakinlərə məxsus meyvə bağlarında çoxsaylı torpaq batmaları baş verib. Son günlər qarın yağmasından sonra yenidən aktivləşən sürüşmə hər gün davam edir”.
İcra Hakimiyyəti təmsilçisinin sözlərinə görə, torpaq sürüşməsi nəticəsində indiyədək rayonun 7  kəndində - Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd yaşayış məntəqəsində qəzalı vəziyyətə düşən 404 ev var. Bu evlərdən 84-ü bu il baş verən torpaq sürüşməsi zamanı ziyan çəkib, divarlarda çatlar yaranıb, həyətlərdə torpaq sürüşməsi və çökməsi baş verib, yarğanlar əmələ gəlib. İndiyədək 19 qəzalı evdə yaşayan ailə təhlükəsiz əraziyə keçirilib. Təkcə Mədrəsə qəsəbəsində qəzalı evlərin sayı 20-dən çoxdur. Bu qəsəbədə sürüşmə ərazisi son iki ayda 20 hektar genişlənərək 40 hektara çatıb.
Ümumilikdə isə 100-dən dən çox evdə çatlar əmələ gəlib. Üç ev yararsız hala düşdüyündən, sakinlər kompensasiya alaraq evlərini tərk ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun