Rusiya təyyarədaşıyanı 2-ci təyyarəsini itirib

Rusiya təyyarədaşıyanı 2-ci təyyarəsini itirib
7 Dekabr 2016
Mətni dəyiş
Rusiyanın çoxhədəfli “Su-33” qırıcı təyyarəsi “Admiral Kuznetsov” təyyarədaşıyan gəmisinə enərkən, qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, pilot katapult edərək sağ qurtara bilib. Xilasedici helikopter onu götürüb. Nazirlik bildirib ki, qəza təyyarənin göyərtədə hərəkətini dayandırmasına yardım edən “tros”un – poladdan hörülən “ip”in qırılmasından qaynaqlanıb. Nəticədə, “Su-33” göyərtədən kənara düşüb. Suriya sahillərində olduğu qısa müddət ərzində təyyarədaşıyan gəmi artıq ikinci təyyarəni itirir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov olaya reaksiyasını belə ifadə edib: "Bu, çox gərgin, mürəkkəb və qəhrəmanlıq istəyən bir işdir. İlk növbədə söhbət ondan gedir ki, pilot sağ qalıb". Noyabrın ortasında Rusiyanın "Admiral Kuznetsov" aviaqrupuna daxil olan “MiQ-29” qırıcısı da qəzaya uğrayıb. Təyyarə gəminin yaxınlığında suya düşüb. Həmin vaxt da pilot xilas edilib. Qəzanın rəsmi səbəbi mühərrikin dayanmasıdır, ancaq qeyri-rəsmi məlumata görə gerçək səbəb yenə əyləc troslarının qırılmasıdır. Göyərtədə trosu təmir etməyə çalışdıqları müddətdə “MiQ-29” gəminin üzərində dövrə vururmuş. Tros MiQ-dən öncəki təyyarənin enişi zamanı qırılıbmış. Təmir o qədər uzanıb ki, yanacağı tükənən qırıcı dənizə düşüb. Rusiyanın yeganə təyyarədaşıyanı... Rusiya Hərbi Dəniz Donanmasının (HDD-nin) gəmi qrupunun tərkibindəki tək təyyarədaşıyan gəmi olan "Admiral Kuznetsov" Aralıq dənizinə gətirilib. Noyabrın 15-də onun üzərindəki hərbi təyyarələr Suriyadakı hədəflərə zərbə endirməyə başlayıblar. Hərbi təhlilçi Pavel Felgenhauer "Admiral Kuznetsov"un ikinci hərbi təyyarəni itirilməsini şərh edərkən, ilk növbədə, gəminin Suriya sahillərindəki mənasız missiyasına diqqət yönəldib. Ekspert əmindir ki, bu təyarədaşıyan gəmini oraya göndərən admiralların məqsədi donanmaya ayrılmış nəhəng xərclərin əbəs olmadığını Vladimir Putin-ə göstərməkdir. Hərbi təhlilçinin sözlərinə görə, sözügedən trosların qırılması nəticəsində qəzaların baş verməsi o qədər də geniş yayılmış hal deyil: "Ya pilot hazırlıqlı olmayıb, ya troslar çürükdür, ya da ikisi birdən baş verib". “Başdan-ayağa piar aksiyasıdır” Ekspertin fikrincə, sözügedən gəminin Aralıq dənizinə girməsi hərbi baxımdan tam anlamsızdır: "Bu, başdan-ayağa piar aksiyasıdır. Bu gəmi belə yürüşlər üçün nəzərdə tutulmayıb. Onun orada heç bir işi ola bilməz, orada heç nə edə bilməz və etməyib. Ancaq itkilər verib, onlar da tam anlamsızdır... Gəmi Suriyanı bombalaya bilməz. Təyyarələr gəmidən qalxaraq, Rusiya bazasına enməli olur, burada yanacaq və bomba doldurub haranısa bombalamağa gedirdi. Özü də “Su-33”lər yerüstü və dəniz hədəflərinə zərbə üçün nəzərdə tutulmayıb. Onlar bundan ötrü düzəldilməyib, qırıcı təyyarələrdir. Pilotlar da bunun üçün hazırlanmayıb. Təyyarələrə hər hansı nişanalma qurğusu quraşdırılsa da, onlar yenə də bu işdən ötrü nəzərdə tutulmayıb. O gəmi orada mənasız təmsilçilik funksiyasını yerinə yetirir. Yəni, Suriyaya təyyarədaşıyan gəminin özüyeriyən modeli göndərilib. İsti sularda nəzərdə tutulmadığından, yavaş yeriyir. Bu, strateji nüvə sualtı qayıqlarının müdafiəsinə hesablanmış gəmidir. Onun başqa heç bir xüsusi məqsədi yoxdur. Bu gəmi Barens dənizində olmalıdır. Ona təhkim edilmiş sualtı nüvə qayıqları oradadır. Nüvə müharibəsi baş verərsə, gəmi o qayıqları qorumalıdır". “Bu gəmilər donanma bayrağı altında üzür ki...” Pavel Felgenhauer daha sonra fikrini belə tamamlayır: ““Admiral Kuznetsov"u ora göndəriblər ki, bizim donanmanın da Amerika donanması kimi Aralıq dənizində işləyə bildiyi təsəvvürünü yaratsın... Gələn ilin ortalarında 2025-ci ilədək silahlanma proqramı təsdiqlənməlidir. Orada xərclərə dair əsas maddə məhz dəniz silahlarıdır. Bu, donanmadan ötrü çox vacibdir, çünki maliyyəni kəssələr, baş qərargahın rəhbərliyi ,ilk növbədə, donanmanı qurban verəcək. Onların proqramları da dəhşətli dərəcədə bahalıdır. Onlar nəsə edə bildiklərini, tam yararsız olmadıqlarını göstərməli idilər. Əslində isə bizim donanmamız belə regional konvensional müharibələrdə yararsızdır... Onlar Suriyada mühüm təchizatçı rolunu oynayır, Suriyaya gündə 2 min ton müxtəlif mal çatdırırlar. Bunun hamısını donanma, o cümlədən desant gəmiləri edir. Onlar xaricdən köhnə-kürüş nəqliyyat gəmiləri alıblar. Bu gəmilər donanma bayrağı altında üzür ki, boğazlardan keçəndə türklər onları yoxlamasın. Onlar Suriyada qruplaşmanı təchiz edirlər".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun