Rüfət Səfərovun müdafiəçiləri Avropada beynəlxalq təşkilatlarla danışıqlar aparacaq

Rüfət Səfərovun müdafiəçiləri Avropada beynəlxalq təşkilatlarla danışıqlar aparacaq
28 Dekabr 2016
Mətni dəyiş
Keçmiş müstəntiq Rüfət Səfərovun həbsi ilə bağlı beynəlxalq təşkilatlarda danışıqlar aparmaq məqsədi ilə onun müdafiə komitəsinin nümayəndələri yaxın günlərdə Avropaya gedəcək.
Bu barədə Zərdab Rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun Hüquqlarını İctimai Müdafiə Komitəsinin dekabrın 27-də keçirilən toplantısında sədr Eldəniz Quliyev bildirib.
E.Quliyevin fikrincə, müdafiə komitəsi diplomatik missiyalar və beynəlxalq təşkilatlarla işləri davam etdirməlidir.
“Azərbaycanda yeni situasiya yaranıb. İndi aktiv müqaviməti artırmaq lazımdır, daha kəskin bəyanatlarla çıxış etməliyik. Çünki bir tərəfdə heç bir demokratik sifarişi qəbul etməyən hakimiyyət, digər tərəfdə isə qurbanlar durur”, deyə o qeyd edib.
Azadlıq Radiosunun məlumatına görə, İctimai Müdafiə Komitəsi bəyanatla da çıxış edib.
“Bir daha Azərbaycan və dünya ictimaiyyətini Rüfət Səfərovun hüquqlarını aktiv şəkildə müdafiə etməyə səsləyir, siyasi sifarişçiləri gec də olsa qərəzli mövqelərindən imtina etməyə dəvət edirik. Rüfət Səfərova qarşı ədalətsizliyə imza atan şəxslər unutmasınlar ki, onlar bu əmələ görə gec-tez qanun və ədalət qarşısında cavab verməli olacaqlar”, deyə sənəddə qeyd edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun