"Qlobal Maqnitski" Aktı Azərbaycan üçün nə deməkdir?

"Qlobal Maqnitski" Aktı Azərbaycan üçün nə deməkdir?
10 Dekabr 2016
Mətni dəyiş
Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Aktı ilə bağlı hər hansı qərarın ən ağır zərbəsi məhz ABŞ-ın özünə dəyəcək millət vəkili Asim Mollazadə ABŞ Senatının aktın genişləndriliməsi ilə bağlı qərar qəbul etməsini şərh edərkən deyib.
İnsan haqları ilə bağlı məsələlərin daim ABŞ prezidentləri tərəfindən imzalandığını xatırladan siyasi təhlilçilər düşünür ki, bu qanuna imza atılması Amerikanın cari siyasətindən asılıdır.
ABŞ Senatı 2012-ci ildə qəbul edilmiş Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Aktının (Global Magnitsky Human Rights Accountability Act) təsir dairəsinin genişləndirilərək Rusiyadan başqa digər ölkələrə də şamil olunmasını qanun şəklində qəbul edib.
Bu qanun Amerika prezidentinə fərdi şəxslərə işgəncə vermiş, beynəlxalq insan haqlarını pozan və bu işə dəstək verən, böyük korrupsiya işlərində əli olan xarici rəsmilərə viza verilməsindən imtina etmək və onların ABŞ-dakı aktivlərini dondurmaq səlahiyyəti verir, ABŞ Konqresinin rəsmi saytı yazıb.
Akta görə, Dövlət Departamentinə sanksiyalara məruz qalacaq xarici şəxslərlə bağlı təklifi dövlət katibinin Demokratiya, İnsan haqları və Əmək üzrə müavini təqdim edə bilər.
ABŞ prezidenti Konqres rəhbəri və müvafiq komitələrin yüksək çinli şəxsləri tərəfindən adları aldıqdan sonra həmin şəxslərin bu tipli işlərə cəlb olunub-olunmadığını araşdırmalı və sanksiya tətbiq edib-etməyəcəyi barədə qərarını siyahını təqdim edən tərəfə məlumat verməlidir.
Milli maraqlar
Millət vəkili Asim Mollazadəyə görə, bu qanunun qəbul olunması ilə "Ermənistanın lobbi qrupları Azərbaycanı da araya qatmaq və iki ölkə münasibətlərini pozmaq və Azərbaycanın dünyada və Qərbdə mənfi imicini yaratmaq istəyir".
"Bu onların strategiyasıdır" deyən millət vəkili düşünür ki, ABŞ-ın aparıcı qüvvələri öz strateji maraqlarından irəli gələn addımlar atmalıdır və bu halda ölkələr arası münasibətlərə xələl gəlməz.
ABŞ Konqresində 1992-ci ildə "Azadlığın dəstəklənməsi aktı"na 907-ci düzəlişi xatırladan millət vəkili "Amerika özü Azərbaycana ehtiyacı olanda ABŞ prezidenti bu düzəlişi qüvvədən saldı" deyərək "hər hansı qərar yenə də ABŞ-ın öz milli maraqlarına qarşı olacaq" deyə vurğulayır.
"Azadlığın dəstəklənməsi aktı"na 907-ci düzəliş Azərbaycan və Ermənistana hücum xarakterli silahların satışını yasaqlayırdı.
2001-ci il ABŞ-da baş verən 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.
Xos bir sürpriz
ABŞ-ın Azərbaycana keçmiş səfiri Richard Kauzlarich üçün qanunun qəbul edilməsi "xos bir sürpriz" olub.
O, qanunun qəbul edilməsi barədə "ümidimi az qala itirmişdim" deyib. Lakin o əlavə edib ki, yeni Trump administrasiyasının ümumi siyasəti və bu qanuna mövqeyi hələ bilinmədiyinə görə qanunun "necə icra olunmasını proqnozlaşdırmaq üçün çox tezdir".
Qanunun "Erməni lobbisi" ilə əlaqələndirilməsini, cənab Kauzlarich "tənqidi fikirləri yayındırmaq üçün əlverişli üsul" adlandırıb.
"Qlobal qlobal deməkdir", o deyib, "bu qanun Azərbaycana qarşı yönəlməyib".
Qanunu dünyada çox saylı ölkədə baş verən insan haqları pozuntularlna konqresdən reaksiya kimi qiymətləndirən cənab Kauzlarich, Azərbaycan hökumətinə bir tovsiyə verib:
"[Qanunla bağlı narahatlığın] həlli çox sadədir - günahsız insanları həbs edib türməyə tullamağa son qoyun", o deyib.
Siyasi maraqlar
Siyasi təhlilçi Zərdüşt Əlizadə Maqnitski qanun layihəsinə ciddi fikir vermədiyini deyir və fikrini əsaslandırmaq üçün əlavə edir ki, hazırda Amerikada istənilən siyasi liderə, yüksək rütbəli məmura təzyiq etmək üçün imkanlar yetərincədir.
Buna rəğmən siyasi şərhçi, Konqresin insan haqları ilə bağlı qəbul etdiyi qanunu "prezident imzalaya bilər" deyə düşünür.
"Adətən insan haqları ilə bağlı bütün şərtləri prezidentlər imzalayıb. Çünki imzalamasalar bu, onlara ciddi irad tutmaq üçün əsas ola bilər. Həm də çox gözəl bilirlər ki, belə qanunlar qəbul edilir, amma onların tətbiqi çox zaman Amerikanın cari siyasi maraqlarından asılı olur", cənab Əlizadə "istəsələr, kiməsə təzyiq edərlər, istəsələr onu heç kim yada salmaz" deyir.
"Bu baxır Amerika öz maraqlarını necə və nədə görür. İnsan haqları onlar üçün mütləq dəyər deyil. Bəzi hallarda onu kənara qoyur, bəzi hallarda isə önə çəkirlər."
Alqış
Beynəlxalq Freedom House təşkilatı yaydığı bəyanatda Qlobal Maqnetski Aktının qəbulunu "alqışlayıb".
"Birləşmiş Ştatların tarixində ilk dəfə insan haqları cinayətləri törədənlərlı bağlı dəqiq ölçü götürən və gələcəkdə bu cür pozuntuların törədilməsinin qarşısını ala biləcək qanunvericilik aktı olacaq", təşkilatın prezident vəzifəsini icra edən Daniel Calingaert deyib.
"Freedom House bu münasibətlə Konqresi təbrik edir və prezidenti bu qanunu imzalamağa çağırır", təşkilatın yaydığı bəyanatda deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun