Qənimət Zahidin qohumları barədə hökmün dəyişdirilməsi istənilir

Qənimət Zahidin qohumları barədə hökmün dəyişdirilməsi istənilir
22 Dekabr 2016
Mətni dəyiş
Dekabrın 21-də Sumqayıt Apelyasiya məhkəməsində “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” televiziya proqramının müəllifi Qənimət Zahidin narkotik ittihamı ilə həbs olunan qohumlarının işi üzrə yekun iclas keçirilib.
Jurnalistin qohumlarından Rövşən Zahidovun vəkili Tahir Xanəliyev Bakı Ağır Cinayətlər məhkəməsinin hökmündən verilən apelyasiya şikayətinin dəlillərini müdafiə edib
O, məhkəmə kollegiyasından müdafiə etdiyi şəxs barədə bəraət hökmünün çıxarılmasını xahiş edib.
Q.Zahidin digər qohumu Rüfət Zahidovun vəkili də Bakı Ağır Cinayətlər məhkəməsinin hökmünün dəyişdirilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş edib.
Dövlət ittihamını müdafiə edən prokuror isə apelyasiya şikayətinin təmin edilməməsini, jurnalistin qohumları barəsində hökmün dəyişdirilmədən saxlanılmasını istəyib.
Məhkəmə yekun qərarı dekabrın 28-də verəcək.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumlarına iyunun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmü ilə baş redaktorun qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun hər biri 6 il azadlıqdan məhrum edilib.
Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Qənimət Zahid isə qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu "Azərbaycan saatı" televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun