Musiqili Teatrda “Qısqanc ürəklər” tamaşası 100-cü dəfə göstəriləcək

Musiqili Teatrda “Qısqanc ürəklər” tamaşası 100-cü dəfə göstəriləcək
10 Dekabr 2016
Mətni dəyiş
Azərbaycan Dövlət Musiqili Teatrında Xalq artisti, bəstəkar Ramiz Mirişlinin “Qısqanc ürəklər” musiqili komediyası 100-cü dəfə göstəriləcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşanın 100-cü nümayişi dekabrın 10-da baş tutacaq. “Qısqanc ürəklər” komediyası 10 ildir Dövlət Musiqili Teatrının repertuarındadır.
Tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam Eldar Qurban, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Nərminə Əbdürəhmanovadır.
Tamaşada rolları Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Nahidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, aktyorlar Ülviyyə Əliyeva, Pərviz Məmmədov, Hüseyn Əlili, Güldanə Əzimova, Ruslan Mürsəlov, Elnarə Nağdəliyeva və Fərid Rzayev ifa edirlər.
Səhnə əsərinin yubiley nümayişini izləmək istəyənlər qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun