Meydan TV ilə əməkdaşlıq etmiş jurnalistlər Avropa məhkəməsinə müraciət edəcək

Meydan TV ilə əməkdaşlıq etmiş jurnalistlər Avropa məhkəməsinə müraciət edəcək
13 Dekabr 2016
Mətni dəyiş
Meydan TV ilə əməkdaşlıq etmiş və hazırda ölkədən çıxışına qadağa qoyulan jurnalistlər Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər, jurnalistlər deyib.
BBC Azərbaycancaya danışan jurnalistlər ölkədən çıxışlarına olan qadağanın nə zaman aradan götürüləcəyi ilə bağlı Respublika Prokurorluğunun tam məlumat verməməsindən şikayətçidir.
Jurnalist Aynur Elgünəş deyir ki, ölkədən çıxışa qoyulmuş qadağanın nə zaman bitəcəyi ilə bağlı Baş Prokurorluğa ünvanlanan sorğuya "Meydan TV-yə qadırılmış cinayət işi ilə bağlı ölkədən çıxışınıza qadağa qoyulub" cavabı verilir. Jurnalist cinayət işinin hansı mərhələdə olması ilə bağlı heç bir məlumat verilmədiyini də qeyd edir.
[caption id="attachment_17666" align="alignnone" width="637"] Aynur Elgünəş[/caption]
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC Azərbaycanca müxbirinə məsələ ilə bağlı araşdırma apardıqdan sonra şərh verəcəyini desə də, daha sonra telefon zənglərinə cavab verməyib.
Cinayət işi
Meydan TV-nin bu ilin aprelində jurnalistlərdən bir neçəsinin vəkili olan Elçin Sadıqova istinadən yaydığı xəbərə əsasən, Meydan TV internet media kanalının vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq-külli miqdarda gəlir əldə etməklə, külli miqdarda vergiləri ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-seçkilərin və ya referendumun nəticələri saxtalaşdırmaqla və ya ağır nəticələrə səbəb olduqda maddələrilə Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işinin istintaqı aparılır.
Cənab Sadıqov cinayət işində 15-ə yaxın jurnalistin adı keçdiyini də qeyd edib.
Aynur Elgünəş deyir ki, onlar cinayət işi ilə əlaqədar olaraq bir dəfə dindirilib. Daha sonra VÖEN-i (vergi ödəyiciləri edintfikasiya nömrəsi) olan jurnalistlər 8 ay ərzində yoxlanılıb, lakin yeyinti halları aşkarlanmayıb.
"Həbs həyatı kimi"
Ölkədən çıxışına qadağa qoyulan jurnalist Natiq Cavadlı deyir ki, bir ilə yaxındır ki, 10-a yaxın jurnalist eyni problemlə üz-üzədir. O, "ev dustağıyıq" deyir və əlavə edir ki, bu vəziyyət "mənəvi baxımdan işgəncədir".
[caption id="attachment_17667" align="alignnone" width="1024"] Natiq Cavadlı[/caption]
Jurnalist Sevinc Vaqifqızı bu vəziyyətlə əlaqədar olaraq xarici ölkələrdə baş tutan peşəsilə bağlı təlimlərə, tədbirlərə qatıla bilmədiyini və özünü "həbsdə" kimi hiss etdiyini deyir.
"Elə bilirəm həbsdəyəm, sadəcə çərçivələr bir az uzaqdan dikilib. Hansısa təlimə dəvət alanda hər dəfə bunu hiss edirəm. Gələ bilməyəcəm, ölkədən çıxışıma qadağa var deyirəm. Stopun nə vaxt götürüləcək suallarına cavabsız qalmışam. Çünki mən soruşanda da Prokurorluq işçiləri cavab vermirlər", o deyir.
Digər jurnalist Aytən Fərhadova "ötən ilin sentyabrından geniş ərazidə dustağam" deyir.
"Mənə qadağa niyə olmalıdır?!", deyə sual edən müsahibimiz xaricdə təhsil almaq istədiyini, lakin qadağa səbəbindən bu arzusunu gərçəkləşdirə bilmədiyini də vurğulayır.
Natiq Cavadlı deyir ki, jurnalistlərin demək olar ki, hamısı qadağa ilə bağlı məhkəməyə müraciət edib.
"6 aydır ki, məhkəmələrdəyik" deyən jurnalist əlavə edir ki, Avropa məhkəməsinə müraciət etməyə hazırlaşır.
Uzun məhkəmə prosesləri
Jurnalistlərdən birinin vəkili Yalçın İmanov izah edir ki, Nəsimi rayon məhkəməsinə müdafiə etdiyi şəxsin ölkədən çıxışa məhdudiyyətinin qanunsuz olduğuna görə qadağanın ləğv edilməsilə bağlı müraciət edilib. Lakin məhkəmə məsələnin icraata götürülməsini mümkünsüz sayıb və bildirilib ki, bu işə inzibati-iqtisadi məhkəmədə baxılmalıdır.
"Qərardan şikayət verdik, Apellyasiya məhkəməsi eyni mövqedə qərar verdi. İnzibati-iqtisadi məhkəmə də icraata götürülmənin mümkünsüz sayılması ilə bağlı qərar çıxardı. Növbəti Apellyasiya məhkəməsi qərarı ləğv etdi. Məhkəmələr işi uzatmaqla məşğuldur", o təsvir edir.
Vəkil jurnalistlərin ölkədən çıxışına qoyulan qadağanın "heç bir hüquqi əsası olmadığını" əlavə edir.
Təzyiqlər
2013-cü ildən fəaliyyət göstərən Meydan TV müxalif fikirli onlayn televiziyadır. Televiziyanın Bakı bürosu 2014-cü il dekabrın 9-da fəaliyyətini dayandırıb.
Ötən ildən başlayaraq Meydan TV ilə əməkdaşlıq edən bir neçə jurnalist Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə və DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindiriliblər.
Avqustun əvvəlində Meydan TV-nin rəhbəri Emin Millinin qohumları prezident İlham Əliyevə müraciət edərək, ondan "imtina etdiklərini" bildiriblər. Emin Milli bu halı qohumlarına təzyiq edilməsi ilə əlaqələndirib.
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov jurnalistlərin saxlanılması ilə bağlı açıqlama verərək, bu addımların "onları öz fəaliyyətlərini Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydalarına uyğun qurmağa dəvət etmək məqsədi daşıdığını" deyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Meydan TV Azərbaycanda fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun