Kommunist Çexoslavakiyası hələ 1970-lərdə Trump-ı güdürmüş

Kommunist Çexoslavakiyası hələ 1970-lərdə Trump-ı güdürmüş
16 Dekabr 2016
Mətni dəyiş
"The Guardian" yazır ki, ABŞ-da prezident seçilmiş Donald Trump hələ 1970-ci illərdə kommunist Çexoslovakiyasının Státní bezpečnost və ya "dövlət təhlükəsizliyi" tərəfindən izlənirmiş.

Buna səbəb amerikalı milyonerin çexoslovakiyalı İvana ilə evliliyi olub. Sovet DTK-sı kimi Çexoslovakiya təhlükəsizlik orqanları da dövlətə hər hansı təhlükə yarada biləcək hadisələri izləyirdi.

1970-80-ci illərdə atası Miloš Zelníčekə baş çəkməyə gələn İvana daim Çexoslovakiya orqanlarının müşahidəsində olurdu.

Üzərində "tamamilə məxfi" qrifi olan "Sluşovitse", "Amerika" və "Kapital" adlı qovluqları arxivdən Çexiya televiziyası və Almaniyanın Bild məcmuəsi tapıblar.

Lubos kod adlı agent 1977-ci illərdə öz rəislərinə məruzələrində İvananın Avstriyada benzindolduran işləməsindən, 1968-ci ildə birinci əri ilə tanış olmasından, sonra isə Kanadaya köçərək Trump-a ərə getməsindən yazırdı.

Başqa bir casus isə xəbər verirdi ki, Amerika hökumətindən kredit alan Trump 30 il müddətinə vergidən azad edilib. Onun xüsusilə də o vaxtkı prezidentlə (çox güman ki, Jimmy Carter) yaxın münasibətlərindən bəhs olunurdu.

"The Guardian" xatırladır ki, seçki kampaniyası zamanı ABŞ mətbuatı Trump-ın 1995-ci ildə doldurduğu vergi formalarında 916 milyon dollar ziyan çəkdiyini yazmaqla özünü 18 il müddətində vergidən azad etmiş ola bilməsindən yazırdı. Bu suala cavab verərkən Trump iddianın doğru olduğunu bildirmişdi.

Ən maraqlısı isə budur ki, Miloş ləqəbli başqa bir casus 1988-ci ildə yazırdı ki, prezidentliyə namizədlik verməsi üçün Trump-a ciddi təzyiq göstərilir. Agent bildirirdi ki, İvananın özünə də Çexoslovakiyaya səfərləri zamanı hər bir hərəkətinə diqqət verməsi tapşırılmışdı. Ona demişdilər ki, gələcək prezident kimi ərinin karyerasına zərbə vura bilər.

Agentin məlumatına görə Trump namizədliyini 1996-cı ildə verməliydi.

Bundan əvvəl yazılmış məxfi bildirişdə deyilir ki, 1988-ci ildə Trump demokrat və respublikaçı namizədlərin hər birinə 10 min dollar ianə verib.

"The Guardian" qəzetinin yazdığına görə Çexoslovakiya kəşfiyyatı o qədər uzaqgedən planlar qurmuşdu ki, İvana vasitəsilə gələcək ABŞ prezidentinə təsir edə biləcəyini düşünürdü.

Məxfi sənədlərdə Trump-ların necə güdüldüyünün təfərrüatları da var. İvananın atasına telefon zənglərinə ildə azı bir dəfə qulaq asılırdı. Bu da qeyd olunurdu ki, İvana uşaqları ilə çex dilində danışır.

"The Guardian" yazır ki, Çexoslovakiya məxfi orqanları Trump-lara aid qovluğu 1990-cı ildə kommunizmin çökməsi ilə bağlayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun