Köləlik haqqında bədii-fəlsəfi esse - Seymur Baycan

Köləlik haqqında bədii-fəlsəfi esse - Seymur Baycan Seymur Baycan
9 Dekabr 2016
Mətni dəyiş
Seymur Baycan
Heç kimə sirr deyil ki, ölkəmizdə çörəkverən kişilər (müdir, rəis, direktor, şirkət rəhbəri, nazir, komitə sədri, baş redaktor...) çörək verdikləri adamlara qarşı çox kobud rəftar edirlər. Çörəkverən kişilər çörək verdikləri adamlardan sözsüz itaət, asılılıq tələb edirlər (istisnalar ola biləcəyini istisna etmirik). Çörəkalanlar da bir-birlərini sata-sata, bir-birlərindən xəbərçilik edə-edə, yaltaqlana-yaltaqlana, gülümsəyə-gülümsəyə çörəkverənlərin bu kobud rəftarına "yaxşı kişidi, amma bir az əsəbidi" adı qoyurlar. Bəzən heç bu cür ada da ehtiyac olmur.
Ümumiyyətlə, hər hansı bir prosesə, hadisəyə özünə sərf edən, təsəlli verən ad qoyulduqda yaşamaq rahatlaşır. Prosesə, hadisəyə özünə sərf edən ad qoymağı bacaran adamlar özlərindən zəiflərin qarşısında canavara, özlərindən güclünün qarşısında quzuya dönməyi də  asanlıqla bacarırlar. Çexovun təbirincə desək, bu cür insanlar istənilən zorakılığı zəruriyyət kimi qəbul edirlər. Həm sənə qarşı edilən, həm də sənin etdiyin zorakılığın zəruriyyət kimi qəbul oldunduğu cəmiyyətdə isə ədalət haqqında danışmaq gülüncdür.
Köləliyi xeyli adam klassik məzmunda başa düşür. Kölə dedikdə adamların gözü qarşısında filmlərdə gördükləri, romanlarda oxuduqları alnı, sinəsi damğalı, qolları, ayaqları zəncirli, qamçıyla, şallaqla  döyülmüş, hər cürə alçaldılmış, müdhiş dərəcədə qorxudulmuş bədbəxt məxluqlar canlanır. Bu çox səhv yanaşmadı, bu çox səhv təsəvvürdü.  Hər bir dövrün köləliyinin öz əlamətləri var. Əgər adamın alnında damğa, ayaqlarında zəncir yoxdursa, bu o demək deyil ki, həmin adam kölə deyil. Məsələn, bizim ölkədə bir çox çörək verən kişilər iş saatı bitdikdən sonra oturur kabinetində oyun oynayır, ya kimləsə mazaqlaşır, televizora baxır, yaxın dost -  tanışla viski içir, ya da ümumiyyətlə heç nə eləmir, sadəcə elə-belə oturur.  Əgər çörəkverən kişi kabinetini tərk etmirsə onun tabeçiliyində olanlar da iş yerlərini tərk etmirlər. Oturub rəisin, müdirin, direktorun, şirkət rəhbərinin, nazirin nə vaxt kabinetini tərk edəcəyini gözləyirlər. Bunun adı köləlik deyilsə bəs nədir?  Gərək elə mütləq adamın alnına, sinəsinə qızmar dəmirlə damğa vurub, əlini ayağını zəncirlə bağlayalar? İş saatı bitib, amma çörəkverən kişi kabinetindədir deyə, onun tabeçiliyində olanlar iş yerini tərk etməyə qorxurlar. Əgər rəhbərlik kabinetində oturub işlə məşğul olsa bu vəziyyəti təqdir etmək, alqışlamaq olar. Amma bəla ondadır ki, çörəkverən kişi kabinetdə oturub işlə məşğul olmur, yuxarıda qeyd etdiyimiz kimi oyun oynayır, televizora baxır, kimləsə mazaqlaşır, ya da dost-tanışla viski içir. Hər bir prosesə özünə sərf edən ad qoymağı bacaran, istənilən vəziyyətə özlərinə sərf edən formada izah verməyi bacaran adamlar buna da yaxşı ad tapıblar: "Hörmət edirəm". Yəni mən kölə filan deyiləm, sadəcə yuxardakına hörmət edirəm. Beləliklə, bir insan gündə bir neçə dəfə davranış qaydalarını dəyişir. O, özünü küçədə bir cür, iş yerində başqa cür, evdə isə tamam başqa cür aparır. Bunların da hamısı prosesə özünə sərf edən formada ad qoymaqlarla müşayiət olunur.
Dərd orasındadır ki, yaltaqlıq və köləlik bir xeyli adamın yaşayış tərzinə, yaşayış formasına çevrilib. Maaşa görə köləyə çevirilənləri, çörəkverən kişilərə yaltaqlananları yenə də hardasa başa düşmək olar. Lakin bir xeyli  adam yaltaqlanmağı və öz köləliklərini nümayiş etdirməyi sadəcə bir iş, bir qayda, həyat tərzi  olaraq artıq mənimsəyiblər. Konkret misal çəkək. Deməli, bir tanışımla kafedə oturub çörək yeyirdik. Nahara hələ vardı deyə kafedə sakitçilik idi. Bizdən iki-üç masa aralıda bir polis zabiti və mülki geyimli iki adam oturmuşdu. Davranışlarından həmin iki mülki geyimli adamın da polis zabitləri olduqları hiss olunurdu. Kafeyə üç kişi daxil oldu. Bizi görüb nuş olsun dedilər. Biz də sağ olun cavabı verdik. Çox gözəl, çox pakizə. Xeyli razıyıq. Amma həmin bu üç kişidən biri başını çevirib polis zabitini gördükdə sifətinin cizgiləri yaltaqlıq ifadə edən gülümsəmə nəticəsində tamam bir-birinə qarışdı. Ağzı gedib qulağının dibində dayandı. Xeyr, bu gülümsəmə deyildi, bu səssiz gülüş idi. Bu kişi bir az əyilib polis zabitinə və onun yanındakılara "nuş olsun, xoş gəlmisiniz" dedi. Sanki  kafenin sahibi idi,  gələn müştəriləri salamlayırdı. Onun bu hərəkətləri mənə qəribə gəldi. Öz-özümə düşündüm, bəlkə vəziyyəti şişirdirəm. Bəlkə bu hərəkətlərin, gülümsəməyin, xoş gəlmisiniz deməyin səbəbini adamın mədəni, xoşxasiyyət olmasında axtarmaq lazımdı. Niyə dayandığım yerdə bir insan haqqında pis şeylər fikirləşməliyəm. Dedim qoy bir tanışımın da fikirini öyrənim. Tanışıma dedim: "Sən fikir verdin o kişi polislə necə görüşdü?" Tanışımın sözlərindən belə məlum oldu ki, kişinin yaltaqlanmağını o da hiss edib. Özü də tanışım müşahidəsini,  fikrini daha ağır formada ifadə etdi. Onunla müqayisədə mənim gəldiyim qənaət, fikirlərim daha yumşaq idi. Yaxşı, sual oluna bilər bu kişi dayandığı yerdə bir polis zabitinə niyə yaltaqlansın? Burda dava düşməyib, hal-hazırda polis zabitindən işi keçmir. Belə baxanda bu kişi kiminsə atasıdı, kiminsə əmisidi, kiminsə əridi, kiminsə dayısıdı. Yəqin yeri gələndə kiminsə üstünə acıqlanır, məsləhət verir, yəqin ki, övladları ondan çəkinir. Yəqin ki, bu kişi də bu və ya digər formada özünə tabe olan adamlara nələrisə qadağan edir. Yəqin yasa gedəndə kədərli-kədərli, ciddi-ciddi oturur. Ölənin yaxınlarına başsağlığı verir və "axır qəminiz olsun", "allah səbr versin" , "allah rəhmət eləsin" sözlərini deyir. Yəqin toya gedəndə evlənənlərin yaxınlarına gözaydınlığı verir və ''xoşbəxt olsunlar", "oğullu-uşaqlı olsunlar" sözlərini deyərək öz sevincini izhar edir. Yəqin qandı-qanmadı, yeri düşəndə beynəlxalq siyasətdən-zaddan da danışır. Bəs yaxşı, bu kişi dayandığı yerdə heç bir zərurət olmadığı halda niyə bir polis zabitinə yaltaqlanır, niyə öz köləliyini nümayiş etdirir? Heç nə. Çox adi bir səbəbdən. Bu köləlik, bu yaltaqlıq artıq onun üçün bir həyat tərzinə çevrilib.
Başqa bir misal.  Deməli bir tanış vardı.  Mitinqdə əsir düşmüşdü. Aparıblar bölməyə ifadə verməyə. İfadə alan orta yaşlı bir zabit imiş. Bu zabitə tez-tez zənglər gəlirmiş. Axırda telefonu söndürüb və deyib: "Sukalardı zəng edən". Tanışım da salıb gəncliyinə. İfadə alan müstəntiqə  sual verib: "onlar  nə istəyirlər?".  Əlbəttə, gəlin razılaşaq ki, bu, çox sadəlövh sualdı. Gəlin bu cür sual verməyi onun gəncliyinin ayağına yazaq. Hərçənd izah yazmağa elə bir ehtiyac yox idi. Zatən adamın mitinqə çıxması, mitinqə çıxıb da tutulması onun sadəlövhlüyünün, həyat təcrübəsinin azlığının ən bariz göstəricisidir. İfadə alan zabit bu sadəlövh suala çox dəqiq cavab verib. Deyib: "Heç nə istəmirlər, xəbər verirlər". Bizim ölkədə üstü açılmalı olan cinayət hadisələrinin üstünün tez açılmasının səbəbi heç də o deyil ki, polislərimiz çox peşəkardılar, ölkə balacadı, ən əsas  səbəblərdən biri  odur ki, xəbər verən, xəbərçilik edənlər normadan qat-qat çoxdu. Xəbərçilik edənlərin sayları o  qədər çoxdur ki, bəzən onlarla işləyənlərin özləri də bu çoxluqdan yorulurlar. Çoxu könüllü olaraq xəbərçilik edirlər. Sadəcə xoşlarına gəlir xəbər vermək, xəbərçilik etmək. Görünür bu könüllülərlə işləməyin özü də peşəkarlığın bir formasıdır. Əsas vasitə deyil, əsas nəticədir. Praktik adamlar üçün nəticə vasitəyə həmişə haqq qazandırır.
Bir ara içi mən qarışıq bizim yazarlar sadəlövhcəsinə saxta qərar çıxaran hakimlərdə-filanlarda yazılarla mərhəmət hissi zad oyatmaq istəyirdik. Hansı mərhəmət hissindən söhbət gedir. Adamlar var bir "ulduz"a görə, nə ulduz, rəhbərlikdən bir şifahi təşəkkür almaq, rəhbərlikdən "afərin" sözü qoparmaq üçün bütöv bir nəsli arvadlı-uşaqlı yox etməyə, bir nəslin kökünü kəsməyə  hazırdılar. Özü də onların sayı bir deyil, iki deyil, üç deyil ... Sayları bir olsa, iki olsa, üç olsa dərd yarıdır. Onların sayları onlarladı, yüzlərlədi, minlərlədi. Denən ki, get bir nəslin kökünü kəs, uf demədən gedib kökünü kəsəcək. Hələ bir yüzlərlə də adam ona  paxıllıq edəcək ki, bu cür vacib işi  niyə ona həvalə etdilər, gərək belə mühüm işi mənə tapşırardılar, mən bir nəslin kökünü daha yaxşı, daha tez zamanda kəsə bilərdim. Bu cür adamlarda necə mərhəmət hissi oyatmaq olar ki, onlar hər bir zorakı əməllərinə zəruriyyət donu geyindirməyi bacarırlar? Elə ətrafdakılar da qohum-əqrəba, qonşular, yerliləri də bu zorakı əməllərin zəruriyyət olduğunu qəbul edirlər. Beləliklə, cəmiyyətin qınağına tuş gəlməli bir adam toyda-yasda adamlardan diqqət, qayğı və hörmət görür. Övladları onunla fəxr edir. Qohumları onunla fəxr edir. Nəinki övladları, övladlarının qrup yoldaşları, iş yoldaşları da onunla fəxr edirlər. Talelərinə minnətdar olurlar ki, belə bir adamın övladıyla bir qrupda oxuyurlar, bir yerdə işləyirlər. Fəxrlə deyirlər filankəsin oğlu bizim qrupda oxuyur, filankəsin oğlu bizim idarədə işləyir... Sizcə, bu qarşılıqlı anlaşma şəraitində hansısa pis əməlin sahibində mərhəmət hissi oyatmaq mümkündürmü?
Bu cür şəraitdə bir insanın öz ləyaqətini qorumağa çalışması dikbaşlıq, naşükürlük, böyük-kiçik saymaması kimi görünür.  Çünki bir insanın öz ləyaqətini qorumağa çalışması oturuşmuş ümumi qaydalara uyğun gəlmir. Böhran dərinləşdikcə çörəkalanların arasında ixtisarlar artdıqca çörəkverənlərin davranışları daha da sərtləşəcək. Rəqabət artdıqca çörəkverənlər daha müti, daha yaltaq, daha sədaqətli çörəkalanlara üstünlük verəcəklər. Biz çörəkverən dedikdə çörəkverən adamın kişi cinsinə mənsub olduğunu vurğulamırıq. Çörəkverən sözünü daha geniş mənada başa düşmək gərəkdir. Burda çörəkverənin qadın və ya kişi cinsinə mənsub olmasi heç bir əhəmiyyət daşımır. Daha sadə dildə desək, çörəkverənin cinsi olmur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun