''Faiq Əmirlinin səhhətində problemlər davam edir''

''Faiq Əmirlinin səhhətində problemlər davam edir''
21 Dekabr 2016
Mətni dəyiş
Dekabrın 21-də "Azadlıq" qəzetinin yayım işləri üzrə direktoru Faiq Əmirli həyat yoldaşı Lalə Əmirli ilə görüşüb.
Bu barədə Lalə Əmirli məlumat verib.
Onun sözlərinə görə, həyat yoldaşı Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitindən narazı deyil:
"Ancaq Faiqin mədə ağrıları şiddətlənib, qanunsuz saxlanılması əsəblərinə mənfi təsir göstərir, stress onun çəkisini də azaldıb. Mədə ağrılarına səbəbi sulu qidalar qəbul etməməsidir".
F.Əmirli 2016-cı ilin avqustun 20-də yaşadığı binanın qarşısında saxlanılıb. Saxlanılarkən ona Cinayət Məcəlləsinin 283-2-ci (milli, irqi, dini düşmənçilik salma) maddəsi ilə ittiham irəli sürülüb. Avqustun 22-də F.Əmirliyə qarşı əlavə olaraq 168.1-ci maddə ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) ittiham verilib.
Saxlanılandan sonra onun avtomobilinin yük yerindən Türkiyədə haqqında cinayət işi açılan Fethullah Gülenin bir neçə kitabının çıxdığı bildirilsə də, bəzi şahidlər kitabların ora onun maşınına baxışdan öncə naməlum adamların qoyduğunu gördüklərini deyiblər. F.Əmirli də saxlanandan sonra onun maşınının açarının bir saatlıq əlindən alındığını söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun