Daha bir yol xəritəsi açıqlanıb

Daha bir yol xəritəsi açıqlanıb
27 Dekabr 2016
Mətni dəyiş
Dövlət başçısı İlham Əliyevin bu il dekabrın 6-da imzaladığı fərmanla “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. 
Sənəddə yol xəritəsinin iqtisadi inkişafla yanaşı ipoteka bazarının daha da inkişafına şərait yaradacağı vurğulanır.
Sənədə görə, Mənzil İnşaatı Dövlət İdarəsi Agentliyi (MİDA) 2016-cı ilin aprelində məhz bu məqsədlə yaradılıb.
Agentliyin ölkədə mənzil fondunun inkişafı məqsədilə uyğun qiymətə mənzil təminatı layihələri hazırlayacağı və mənzil bazarının səmərəli fəaliyyətinə şərait yaradan əsas mexanizmlərin həyata keçirilməsini təşkil edəcəyi deyilir.
Sənədə görə, Agentliyin tabeliyində olan “MİDA” MMC tikinti layihələrində sifarişçi qismində çıxış edərək, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə yaradılıb.
Sənəddə deyilir ki, 2020-ci ilədək strateji baxışda ölkədə mənzil ehtiyacının ödənilməsi və bu məqsədlə yaşayış binalarının və sosial infrastrukturun tikilməsi üçün MİDA-nın mövqeyinin gücləndirilməsi nəzərdə tutulur.
2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışda şəhərlərin əsaslı və planlı şəkildə yenidən qurulması mərhələsi başlayır.
2025-ci ildən sonrakı dövr üçün hədəf baxışda isə rayonlarda da uyğun qiymətə mənzil sektorunun davamlı inkişafı ilə bağlı çatışmazlıqların aradan qaldırılması nəzərdə tutulur.
Sənəddə vurğulanır ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” əsas tutulmaqla 2020-ci ilə kimi ölkədə uyğun qiymətə mənzil təminatı sahəsində aşağıdakı strateji hədəflər müəyyən edilib: “Uyğun qiymətə mənzil təminatının layihələndirilməsi və həyata keçirilməsi; MİDA-ya müəyyən strategiya və hədəflərə əsaslanan səlahiyyətlərin verilməsi;  uyğun qiymətə mənzil bazarının fəaliyyətinə əlverişli şərait yaradan əsas mexanizmlərin həyata keçirilməsi”.
Ölkə vətəndaşlarının, xüsusilə də aşağıgəlirli ailələrin mənzil şəraitinin daha da yaxşılaşdırılması, tikinti sektorunda rəqabət mühitinin artırılması və sektorun inkişafının davamlılığının təmin edilməsi əsas strateji məqsədlərə daxildir.
Sənədə görə, 2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş hədəflərin reallaşması nəticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in birbaşa 168 milyon və dolayı 81 milyon manatadək artacağı, tikinti sektorunda 10 minə yaxın yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Təsirin gerçəkləşdirilməsi dövlət–özəl resursları hesabına 900 milyon manat həcmində investisiya qoyuluşu tələb edir.
Xatırladaq ki, indiyə kimi kənd təsərrüfatı, təhsil, ağır sənaye və maşınayırma, turizm üzrə strateji yol xəritələri açıqlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun