"Dəniz estakadalarından imtina etmək lazımdır"

"Dəniz estakadalarından imtina etmək lazımdır"
21 Dekabr 2016
Mətni dəyiş
“Xəzərdə dəniz estakadasının uçması nəticəsində insanların həlak olmasına görə, məsuliyyət təhlükəsiz əmək şəraiti yaratmaq öhdəliyi daşıyan işverənin üzərinə düşür”.
Bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.
Xəzər dənizindəki qəzanın səbəblərindən bəhs edən M.Qəhrəmanlının sözlərinə görə, 150 metr uzunluğu olan estakada qəza vəziyyətində idi. Ya sökülməli, ya da əsaslı yenidənqurma işləri aparılmalı idi.
“Məhz qəza vəziyyətində olan estakada ona bitişik, içərisində 10 neftçi olan yaşayış vaqonunu da arxasınca çəkib. Əmək Məcəlləsinə əsasən, vəziyyətə ictimai nəzarəti həmkarlar ittifaqları həyata keçirməlidir. Amma Azərbaycanda həmkarlar ittifaqları işverənə xidmət edir. 80 min nəfərdən ibarət Neft və Qaz Sənayesi Həmkarlar İttifaqları Komitəsinin öz saytı belə yoxdur”, o deyib.
M.Qəhrəmanlı qeyd edib ki, əmək müfəttişliklərinin real səlahiyyətləri yoxdur.
“Hələ SOCAR müəssisələrində nəzarətin həyata keçirilməsini demirəm. İnsanların ölümünə səbəb olan qəzalar cəzasız qalır. 2015-ci ilin dekabrında “Günəşli” yatağındakı platformada 30 neftçinin həlak olduğu yanğından sonra heç kim məsuliyyətə cəlb olunmayıb”.
M. Qəhrəmanlı Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə işlərində səriştəsizliyə yol verdiyini düşünür.
“İndi qəza az sulu yerdə baş verib. Amma xilasetmə işləri səriştəsiz keçirildiyinə görə, çox sayda texnika və canlı qüvvə cəlb olunmasına baxmayaraq, dənizçilərin cəsədlərini tapa bilmirlər”, deyə o bildirib.
M. Qəhrəmanlı dənizdə estakadalardan tamamilə imtinanın və dərin sulu platformalara keçməyin zəruri olduğunu hesab edir:
“Digər tərəfdən, son illər estakadalarda qəzaların səbəbi rəhbərlərin məsuliyyətsizliyi, təmir işlərinə ayrılan vəsaitin qeyri-şəffaf xərclənməsidir”
Dekabrın 15-də Xəzərdə Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinə məxsus estakadanın uçması nəticəsində 10 neftçi dənizə düşüb. Onlardan birinin cəsədi sonradan tapılıb. Qalanların axtarışı davam edir.
Prezident İlham Əliyevin sərəncamı ilə axtarış-xilasetmə tədbirləri üzrə qərargah yaradılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri Cahangir Əliyev AzadlıqRadiosu-na müsahibəsində bu məsələdə onlara yönəlik tənqidlərlə razılaşmadığını bildirmişdi. "Mən göydəki Allah deyiləm hər şeyin qarşısını alım. Həmkarlar İttifaqının qüvvəsi də elə qüvvə deyil ki, bütün məsələləri həll edə bilsin"-deyə o vurğulamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun