Burada indi heç kim maşın saxlamır

Burada indi heç kim maşın saxlamır
27 Dekabr 2016
Mətni dəyiş
"Mənim 30 il maşınım olub. İş elə gətirdi ki, çətinliyə görə satdım. Özüm də mağazada işləyirdim. Son iki ildə kirayə haqqı qalxdı, mən də oradan çıxmalı oldum. Bu qarajları görürsüz, hamısı bir şeylə məşğuldur. Burada indi heç kim maşın saxlamır ki... Biri dərzidir, biri gözəllik salonu. Mən də onlardan biri...".
60 yaşlı Təhməz Babayev, özü demiş, artıq iki ilə yaxındır qaraj-dükanında meyvə-tərəvəz satır. Maşınını satandan sonra bir müddət qarajı boş qalıb. Görəndə ki, qonşuları vaxtilə maşın saxladıqları qarajdan qazanc yeri kimi faydalanır, o da bu işə girişib. Çətin vaxtında dəmir qarajı işinə yarayıb: "Gəliri az olsa da, çıxarı da azdır. Adi mağazanınsa çıxarı çox idi. Qarajda kirayə haqqı, başqa xərclər yoxdur. İki binanın adamı alver eləsə, mənə bəsdir".
Təhməz kişi də, qonşuları da bir neçə ildir qarajlarında maşın saxlamırlar, maşınlar çoxdan satılıb. Qarajlar dükan, dərzi, gözəllik salonuna, usta emalatxanalarına, hətta hazırlıq kurslarına çevrilib.
QARAJDAKI "ELM"
- İncə saitlərin ahəngi gözlənilir, deməli, bu da düzdür. "Tələffüz" sözü də düz yazılıb.
- Müəllim, bəs bu söz "tələffüs" deyil?
Qarajlardan birindən şagirdlə müəllim arasında belə bir dialoq eşidilir. Dəmir qaraja taxtadan qapı pəncərə qoyulub. İçəridə şagirdlər məşğələlər keçir. Qarajın qapısının üstünə liseylərə və ali məktəblərə hazırlıqla bağlı elan vurulub. Qarajdakı müəllim şərait haqqında danışmaq istəmir. Qapının üstünə yazılan nömrədənsə deyirlər ki, şərait normaldır:
"Qaraj olmağına qarajdır, ancaq yeri taxta döşəmədir. Şagirdlər də narazı deyil".
Bir başqa qaraj isə gözəllik salonudur. Sahibi, ortayaşlı qadın deyir ki, vaxtilə ərinin maşın saxladığı qarajı 3 aydır gözəllik salonu kimi kirayə verib: "Kişi öləndən sonra maşınını satdıq. Qarajı da satmaq istədik, alan olmadı. Ona görə qonşu qadına kirayə verdim".
Köhnə mebel təmirçisi Vilayət də qarajda işləyən ustalardandır. Zarafatla deyir ki, köhnə əşyalara görə xərc çəkib kirayə yer götürməyə əli gəlməyib: "Doğrusu, heç o imkanım da yox idi. Bu qaraj da neçə ildir boş qalmışdı, rənglədim, indi işimə yarayır. Burda işləməkdən utanmıram. Kimdən utanacağam ki, müştərilərim də kasıblardır".
QARAJLARIN OBYEKTLƏRƏ ÇEVRİLMƏSİ NİYƏ KÜTLƏVİLƏŞİR?
Son vaxtlar Bakıda qarajların müxtəlif obyektlərə çevrilməsi kütləviləşib. Bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir. Ekspert bildirir ki, son vaxtlar kiçikölçülü obyektlərə maraq artdığından adamlar da bu cür yerləri işlətməyə önəm verir. Kiçikölçülü qarajlar isə ucuz başa gəldiyindən son vaxtlar bu məkanlar fərqli obyektlərə çevrilməkdədir:
"Vətəndaşlar əllərindəki qaraj sahələrini təyinatına uyğun olmayan, fərqli formada istifadəyə yönləndirir. Bunun da səbəbi odur ki, başqa yerdə təyinatına uyğun olan o əmlakı almaq, hazır vəziyyətə gətirmək müəyyən vəsait tələb edir. Ancaq kiçikölçülü qarajlarda bu tələb olunmur. Ona görə də, son vaxtlar bu, tendensiya halını almağa başlayıb. Məsələn, 40 kvadratmetrlik bir mağazanı, kommersiya obyektini icarəyə götürəndə xərclər çox olur. Həm icarə dəyəri yüksək olur, həm də istifadə xərcləri çoxalır. Ona görə adamlar xərcləri daha aşağı olan obyektlərdən istifadə edir. Son vaxtlar qarajların bu cür obyektlərə çevrilməsinin də əsas səbəbi budur".
Qanunvericiliyə görə, bu cür obyektlərin təyinatının dəyişməsində hər hansı məhdudiyyət yoxdur.
"QARAJ" DEYİB KEÇMƏYİN..
Bakıda mərkəzə yaxın 25-30 kvadratmetrlik qarajların qiyməti 15 min-200 min manat arasında dəyişir. Bahalı qarajların icarəsi 1000 manatdır. Bunlar, əsasən, yol kənarında avtoyuyucu, təkər təmiri ilə məşğul olan yerlərdir.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, son vaxtlar ölkədə avtomobillərin sayı azalır. Camaatın qarajlardan yararlanmasının səbəbi də həm bu, həm də ölkə əhalisinin gəlirlərinin azalmasıdır.
... Qarajında meyvə-tərəvəz satan Təhməz kişi nə vaxtsa burada əvvəlki kimi maşın saxlamağı arzulayır. Ümidi az olsa da...

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun