Bayram Məmmədov barədə hökmdən apellyasiya şikayəti verilib

Bayram Məmmədov barədə hökmdən apellyasiya şikayəti verilib
22 Dekabr 2016
Mətni dəyiş
Vəkil Elçin Sadıqov dekabrın 22-də NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı Bayram Məmmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
“Bayram Məmmədovun barəsindəki saxta cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 dekabr 2016-cı il tarixli hökmündən apellyasiya şikayətini bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdim. Apellyasiya şikayətində işə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını, Bayram Məmmədovun İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 3 (İşgəncələrin qadağan olunması), 5 (Azadlıq və toxunulmazlıq hüququ), 6 (Ədalətli məhkəmə araşdırlması hüququ), 8 (Şəxsi həyata və ailə həyatına hörmət hüququ), 10 (Fikri ifadə etmək azadlığı), 13 (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətdən istifadənin hədləri) maddələri ilə təminat verilən hüquqlarının pozulmasının tanınmasını və Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.12.2016-cı il tarixli hökmünün ləğv edilərək Bayram Məmmədova bəraət verilməsini tələb etmişəm”, vəkil bildirir.
NİDA Vətəndaş Hərəkatının fəalları Bayram Məmmədov və Qiyas İbrahimov bu il mayın 10-da saxlanılıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Qiyas İbrahimov oktyabrın 25-də, bayram Məmmədov isə dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.
Gənc fəallar məhkəmədə deyib ki, Heydər Əliyevin doğum günündə onun abidəsinə "Qul bayramınız mübarək!" yazdığına görə həbs edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun