Avropa Məhkəməsindən işgəncəyə görə cərimə

Avropa Məhkəməsindən işgəncəyə görə cərimə
20 Dekabr 2016
Mətni dəyiş
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) dekabrın 20-də Azərbaycanla bağlı bir qərarını elan edib. Məhkəmə Azərbaycan dövlətini 19 min avro cərimələyib.
Qərar Sumqayıt şəhər sakini, avtomobil alış-verişi ilə məşğul olan Ramil Pirqurbanın şikayəti ilə bağlıdır. Sumqayıt polisi 2010-cu ildə onu və digər 2 nəfəri həbs edib. Onlara qarşı küllü miqdarda narkotik alveri ittihamı irəli sürülüb.
Ramil Pirqurban şikayətində iddia edib ki, həbs olunmalarının əsas məqsədi onlardan pul qopartmaq olub. Deməsinə görə, onlar polisə pul verə bilmədiklərindən həbs ediliblər.
R.Pirqurbanın şikayətinə görə, ittihamları rədd etdiklərindən polisdə onlara elektroşokla işgəncə də verilib.
Ölkə içində işə baxış zamanı Ramil Pirqurbanın döyülməsi, üzərində onlarla siqaret və elektroşokdan yanıqların olduğu təsdiqini tapıb. Bununla bağlı ekspert rəy verib.
Amma bununla belə, R.Pirqurbanın işgəncəyə məruz qalması faktı üzrə cinayət işinin başlanması barədə prokurorluğa verilən şikayətlərin araşdırılmadığı bildirilir.
Ancaq işgəncə məsələsini Sumqayıt şəhər Məhkəməsi araşdırıb - işgəncə faktının baş verdiyi tanınıb. Prokurorun məhkəmə qərarından verdiyi protest də rədd olunub. Bununla belə, məhkəmə qərarı qüvvəyə mindikdən sonra da prokurorluğun işgəncəyə yol verənlər barəsində cinayət işinə başlamadığı qeyd edilir.
Bundan sonra R.Pirqurban Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
O, şikayətində iddia edib ki, Avropa Konvensiyasının 3-cü (işgəncəyə məruz qalmamaq hüququ), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrində və 4 saylı protokolun 2-ci maddəsində nəzərdə tutulan hüquqları pozulub.
Avropa İnsan Hüquqları Məhkəməsi şikayəti əsaslı hesab edərək, Ramil Pirqurbana 19 min avro (15 min avro təzminat və hüquq məsrəflərdən ötrü 4 min avro) təzminat ödənilməsinə qərar verib.
AİHM-nin bu qərarına, hələlik, Sumqayıt şəhər Polis İdarəsindən və prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun