ADR Hərəkatı hökümətdən kompleks islahatlar tələb etdi

ADR Hərəkatı hökümətdən kompleks islahatlar tələb etdi
5 Dekabr 2016
Mətni dəyiş
Tarif Şurasının son qərarı ilə  təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının və dərman peraparatlarının qiymətlərinin  kəskin bahalaşdırılması əhali arasında təşviş və narazılıq doğurub. 
Bu sözlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının qazın və işığın qiymətlərinin bahalaşdırılması ilə əlaqədar yaydığı bəyanatındandır.
ADR Hərəkatı hesab edir ki, inhisarçı subyektlərin müraciətləri əsasında  ekspert və məsləhətçilər cəlb edilmədən, monitorinq və sorğular keçirilmədən,  iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparılmadan qiymətlərin artırılması barədə qərar qəbul edilmişdir.
 ADR Hərəkatı hesab edir ki, tariflərin artırılması zamanı əhalinin sosial durumu, onun alıcılıq qabliyyəti nəzərə alınmamış, qəbul edilmiş tarif differensiyası həddinin müəyyənləşdirilməsi zamanı sosial ədalətlilik prinsipi pozulmuşdur. Qiymət artımları barədə ədalətsiz qərarın təsiri ilə  ölkədə yoxsulluq həddindən aşağıda yaşayanların sayı sürətlə artacaq, digər bazarlarda da qiymətlər bahalaşacaq, bir çox istehsal və xidmət obyektləri sıradan çıxacaq, umumi inflyasiya səviyyəsi yüksələcək, kommunal xidmətlərin vaxtında və tam şəkildə ödəniş səviyyəsi aşağı düşəcək, əhalinin sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxış imkanları azalacaq. Bütün bunların nəticəsində sosial narazılıq artacaq,  ədalətli olmayan differensiyalaşma  siyasəti sosial vəziyyətdən narazı qalanların əhatə dairəsini genişləndirəcək.
ADR Hərəkatı hesab edir ki,  kompleks islahatlara start verilməzsə, tariflərin tənzimlənməsində yeni tətbiq olunan differensial yanaşma qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş inhisarçı subyektlərin fəaliyyətində  müşahidə olunan pis idarəçilik və  israfçılıq korrupsiya və mənimsəmə hallarının artmasına, maliyyə intizamının pozulmasına  gətirib çıxaracaq.
Odur ki, ADR Hərəkatı tələb edir ki:
a) yuxarıda göstərdiyimiz fəsadların qarşısının alınması üçün qiymətlərin artırılması barədə Tarif Şurasının qərarı ləğv edilsin;
b) qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş inhisarçı subyektlərin fəaliyyətində hesabatlılığın və şəffaflığın artırılsın, həmin şirkətlərdə yenidən strukturlaşdırma və özəlləşdirmə islahatları vasitəsilə xərclər  və tariflər optimallaşdırılsın;
c)  2016-cı il yanvarın 31-də ADR Hərəkatı Ali Məclisinin qərarı ilə qəbul olunmuş və hökümətə təqdim edilmiş “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər paketi”   əsasında dərhal kompleks islahatlara başlanılsın;
d) irəli sürülən tələbləri yerinə yetirməyəcəyi təqdirdə vəzifələrini icra edə bilməyən hökümət istefa  versin.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun