"Ərzaq, içki və tütün məmulatlarının satışı artıb" - [rəsmi statistika]

"Ərzaq, içki və tütün məmulatlarının satışı artıb" - [rəsmi statistika]
13 Dekabr 2016
Mətni dəyiş
Dövlət Statistika Komitəsi yanvar-oktyabr ayları üzrə xarici ticarət hesabatını yayıb.
2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 105 ölkəyə məhsul ixrac olunub, 169 ölkədən idxal edilib.
Yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 17 milyard 806,4 milyon ABŞ dolları olub. İxracın dəyəri 10 milyard 848,4 milyon dollar, idxalın dəyəri 6 milyard 958 milyon dollar təşkil edib, 3 milyard 890,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Ticarət dövriyyəsinin 37,6 faizi Avropa İttifaqı ölkələri, 12,1 faizi MDB üzvü dövlətləri, 50,3 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.
İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, təbii qaz, neft məhsulları, meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsulları, oduncaq və ondan hazırlanan məmulatların xüsusi çəkisi üstünlük təşkil etmişdir.
Dövlət Statistika Komitəsinin pərakəndə ticarət hesabatına görə, yanvar-noyabr aylarında istehlakçılara 26,3 milyard manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz çox məhsul satılıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyərində real ifadədə 2,6 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,7 faiz artım var.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,7 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6 faizi elektrik malları və mebelin, 5,7 faizi avtomobil yanacağının, 1,5 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun