“Xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı”nın məzunlarının 20 faizi işsizdir

“Xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı”nın məzunlarının 20 faizi işsizdir
8 Noyabr 2016
Mətni dəyiş
İqtisadçı: Dövlət xərclənən 177,6 milyon manatın hesabatını vermir
“Xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı”nın məzunlarının 20 faizi işsizdir” - deyir, iqtisadçı Qubad İbadoğlu.
İqtisadçı bildirir ki, yüzlərlə gənc bu proqramı başa vursa da, vətənə qayıtmayıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın başa çatmasından 10 aydan çox vaxt ötməsinə baxmayaraq, onun nəticələri və təsirləri hələ də müzakirəyə çıxarılmayıb:
“Xüsusilə də islahat bəyanatlarının çoxaldığı, bu proqramın məzunlarının idarəçilikdə iştirak imkanlarının dəyərləndirilməsi məqsədəuyğun olduğu bir vaxtda nədənsə “Qara qızılın insan kapitalı”na çevrilməsi ideyasının reallaşdırılmasına yönəldilmiş bu proqram barəsində yüksək səviyyəli müzakirələr aparılmır. Hətta təhsil naziri nə Nazirlər Kabinetinin 2015-ci ilin, nə də ki, 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclaslarında bu proqramın icra vəziyyəti və onun nətciələri barədə heç bir məlumat səsləndirməyib. Nədən bu proqramın yekunları, nəticələri və təsirləri barədə hesabat verilmir?”
Qubad İbadoğlu deyir ki, 2016-cı ilin 3-cü rübünün yekununa olan məlumata görə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının” maliyyələşdirilməsinə Dövlət Neft Fondundan 177,6 mln. manat vəsait xərclənib. Ancaq bu proqramın real nəticələri, təsirlərindən danışılmır:
“Dövlət Neft Fondunun hesabatına görə, 2008-2015- ci illər ərzində ARDNF tərəfindən bu proqramın maliyyələşdirilməsinə ümumilikdə 156,8 milyon, bu ilin ilk 9 ayında 20,8 milyon, bütövlükdə isə 177,6 milyon manat məbləğində vəsait ayrılıb. 31 dekabr 2015-ci il tarixinə ARDNF-nin vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin ümumi sayı 3 283 nəfər olub. Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (28,9 faiz), Türkiyə (22,2 faiz), Almaniya (12,5 faiz), Kanada (7,2 faiz), Niderland (5,3 faiz) və Rusiya (3,8 faiz) universitetlərində təhsil alıblar. Hazırda 1335 təqaüdçü xaricdə təhsillərini başa vuraraq məzun olub, onlardan neçəsinin Azərbaycana qayıtmaması ilə bağlı məlumat açıqlanmasa da belələrinin sayı yüzlərlədir. Baxmayaraq ki, müqaviləyə əsasən öhdəliyini yerinə yetirməyən tələbə proqramdan xaric edilir və ona çəkilən vəsait geri qaytarılır. Bu prosesə Təhsil Nazirliyi nəzarət edir, amma açıqlama vermir”.
İqtisadçı bildirir ki, son məlumatlara görə, təhsilini başa vuraraq Azərbaycana qayıdan təqaüdçülərin 20 faizdən çoxu işsizir. İşləyənlərin 60 faizi özəl sektorda, 40 faizi isə dövlət sektorunda çalışır. Göründüyü kimi “Qara qızılın insan kapitalı”na çevrilməsi ideyasının reallaşdırılmasına yönəldilmiş bu proqram qarşıya qoyulmuş məqsədlərə tam nail ola bilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun