Vəkil: "Faiq Əmirli həbsdə saxlana bilməz"

Vəkil: "Faiq Əmirli həbsdə saxlana bilməz"
18 Noyabr 2016
Mətni dəyiş
"Faiq Əmirlinin səhhətindəki problem ciddi narahatlığa əsas verir".
Bu sözləri Azərbaycan xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, "Azadlıq" qəzetinin maliyyə direktoru F.Əmirlinin vəkili Aqil Layıcov bildirib.
Vəkil deyib ki, F.Əmirlinin mədəsində problem var və bu problem onun çəki itirməsinə səbəb olub: "Bu adam xəstədir, hələ azadlıqda olanda mədəsi ilə bağlı dövlət klinikasında, başqa bir klinikada da müalicə alıb . Odur ki, bu adam həbsdə saxlana bilməz".
A.Layıcovın sözlərinə görə, F.Əmirliyə qarşı ittihamların saxta olmasını bu ittihamı irəli sürənlər özləri də yaxşı bilirlər. Amma indi söhbət bu ittihamların hətta haqsız olmasından da getmir: "F.Əmirlinin sağlamlığı müzakirə edilir. Bu adamın sağlamlığı və gələcək durumu təhlükə altındadır. Mən düşünmürəm ki, Kürdəxanı təcridxanasında elə texnoloji avadanlıqlar var ki, onlar vasitəsilə hüquqlarını müdafiə etdiyim şəxsin səhhətində müsbət nəyəsə nail olmaq olar".
Vəkil hesab edir ki, burada çıxış yoluF.Əmirli barədə həbs-qətimkan tədbirini dəyişdirməkdədir. Onun fikrincə, F.Əmirli sərbəst buraxılmaqla da istintaq davam edə bilər:
"F.Əmirli harayasa qaçacaq şəxs deyil, qaçmağa yeri də yoxdur. Odur ki, istintaq həbssiz davam etdirilməlidir. Halbuki, F.Əmirliyə qarşı ittihamlar özü əsassızdır".
F.Əmirli avqustun 20-da həbs edilib. O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen tərəfdarlarının "Hizmet" hərəkatının imamı kimi təqdim edir.
AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.
Vəkilinin bildirməsinə görə, istintaq artıq bu ittihamları ikinci plana keçirib. Sonuncu ifadədə ona "Azadlıq" qəzetinin iqtisadi məsələlərinə dair suallar verib. F.Əmirli isə ittihamdan kənar suallara cavab verməkdən imtina edib.
Maliyyə direktorunun həbsindən sonra "Azadlıq" qəzetinin də çapı dayanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun