Toplumuna layiq jurnalistika - Rəşad Babalı

Toplumuna layiq jurnalistika - Rəşad Babalı
12 Noyabr 2016
Mətni dəyiş
Rəşad Babalı
Ənənəvi olaraq prezident bir qrup televiziya işçisini mükafatlandırdı. Təltif olunanlar arasındakı bəzi adlar sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu. “Onlar kimdi ki, fəxri adlar alırlar”.
Bizdə bu cür müzakirələr etirazlar sosial şəbəkələrdə olur ancaq. Bəşəri dəyərlər, dünya standartları ancaq virtual dünyada özünə tərəfdar tapır. Elə ki, gerçək həyata çıxdıq əsl reallığı görürük.
Ən çox tartışılan Xoşqədəm Hidayətqızını, Zaur Baxşəliyevi, Zaur Kamalı sosial şəbəkə bilməyən "obıvatel"lərə soruşsaq necə cavab alacayıq bilirsinizmi? Aydın olacaq ki, böyük əksəriyyət onları sevir, izləyir, pərəstiş edir, onları şəhərdə görsə, ən azı barmağıyla yanındakına göstərər, imkan yaransa, onunla şəkil də çəkdirərlər. O bizik onları bəyənməyən, səviyyəcə aşağıda görən.
Hələ də televiziyada deyilənlərə inanan bit topluma sahib olduğumuz üçün aparıcılardan tələblərimizin yüksək olması normaldır. Onlar ictimai rəyin formalaşdırılmasında mühüm rol oynayırlar. Buna görə də, efirdən edilən bayağı hərəkətlər, dayaz səviyyə, qüsurlu nitq acığımıza gəlir. Yaxşı bilirik ki, belə aparıcıları izləyənlər yaxşı heçnə əxz etməyəcəklər.
Amma… amma onu bizlər düşünürük. Bir ovuc insan. Çoxluğun isə vecinə də deyil ki, efir dilləri, davranışları necədi. Kütlə üçün əsl tamaşa olsun. Daima gərginlikdə saxlayan, hislərinin ən uc nöqtərlərinə qədər təsir edən səhnələr. Dar məqamda başımıza vurduğu mental dəyərlər belə umrunda deyil.
Azərbaycanda yaşayan kütlə (yenə təkrar edirəm, xalq deməyə dilim gəlmir, çünki xalq olmağın standartına heç cür uyğun gəlmirik) “azad mətbuat”, “söz azadlğı” kimi məfhumlara o qədər uzaqdır ki. Az-çox oxumuşları belə elə başa düşürlər ki, söz azadlığı deyəndə jurnalistlərin ağızlarına gələni yazmaq haqqıdı. Azad mətbuat isə təhlükəlidir. Bu söz birləşməsi yenidi kütlə üçün. Uzun müddət sovet mətbuatını gördüklərindən alışıq deyillər belə şeyə. Necə yəni media istədiyini yaza bilər? Hara baxır bəs dövlət, əlaqədar qurumlar? Gəmidə oturub gəmiçiylə dalaşmaq olar?
Bir az zehinlərini zorlasalar uzaq başı sosial problemləri yaza biləcək səviyyəyə qədər düşünə bilərlər. ANS-in 2006-cı ildə bağlanmamışdan əvvəlki pozisiyası məsələn. Bu qədər ancaq. Dursun mətbuat hökuməti açıq açığına tənqid etsin, çirkli çamaşırlarını ortalığa töksün? Olacaq iş deyil.
Azərbaycan kütləsi üçün Elmar Hüseynov heç bir məna ifadə etmir. Onun nəşr etdiklərini oxuyanlar üçün belə. Sərt yazırdı, qorxmadan üzərlərinə gedirdi. "Obıvatel"in nəzdində onun deyə bilmədiklərini ifadə etməkdən başqa bir şey deyildi. Ürəyindən tikan çıxırdı. Öldürüldüsə, Allah rəhmət etsin. “Mavr gəldi, mavr etdi”, “müqəddəs yer boş qalmayacaq”.
Kütlə söz azadlığının, azad mətbuatın mahiyyətini anlamaq bir kənara, ətrafına belə yaxınlaşa bilmir. Anlasaydı bilərdiki, hər addımda haqlarını pozan məmurlar, hökumət azad mətbuatdan çəkinib qanuna riayət etməli olacaqlar. Söz azadlığı həm də ona görə lazımdır ki, göz görə-görə haqqın pozulanda bunu deməyə tribuna, meydan, mühit tapasan. Əgər yoxdursa, harayın içində qalacaq.
Söz azadlığı, azad mətbuat kimi məfhumların hava-su kimi zəruri ehtiyaclar olduğunu anlamayan toplumlar problemlərin əlində qapalı dairədə qalacaqlar. Xalqın jurnalistikanın özünün vicdanı olduğunu dərk etməsi də dərdlərinin çarəsində mühüm addım olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun