Məcburi köçkünlər yolu bağlayıb aksiya keçiriblər [Video]

Məcburi köçkünlər yolu bağlayıb aksiya keçiriblər [Video]
15 Noyabr 2016
Mətni dəyiş
Noyabrın 14-də Xətai rayonu, Gəncə prospekti 20A ünvanında yerləşən qəzalı binanın sakinləri aksiya keçiriblər. 
Gəncə prospekti 20A ünvanında yerləşən bina qəzalı vəziyyətdədir və çökmək təhlükəsi ilə üz-üzədir. Bu barədə saytımıza həmin binanın sakinləri məlumat verib. Sakinlər etiraz əlaməti olaraq prospektin yolunu bağlayıblar. Polis hadisə yerinə gəlib sakinləri yoldan çıxarıb və hərəkəti bərpa edib.
Etiraza səbəb olan binada ilk sürüşmə halı 1993-cü ildə qeydə alınıb. Hadisədən sonra sakinlər binadan çıxıblar. Daha sonra məcburi köçkünlər əlacsızlıqdan kondisioner zavodunun yataqxanası olan əraziyə gəliblər. Onların sözlərinə görə, özləri üçün son 5-10 ilə qədər yaşamağa kömək edə biləcək nisbi şərait yaradıblar. Ancaq indi həmin nisbi şərait də yoxa çıxıb və yaşamaq ümumiyyətlə mümkün deyil.
Sakinlər bütün qurumlara müraciət etsələr də, müsbət nəticə ala bilmədiklərini deyirlər:
"Yolu kəsməkdə məqsədimiz odur ki, lazım olan qurumlar bizim vəziyyətimizi görsünlər. Nə Nazirlər Kabineti, nə Maliyyə Nazirliyi, heç birinin vecinə deyilik. Onlar hamısı öz eyş-işrətində, kefindədirlər. Hərəsinin milyardları var, biz əlavə nəsə istəmirik ki? Normal şəraitdə onlar bizi burdan köçürmək istəsə, köçmərik. Hansı ağıllı vətəndaş burdan – şəhərin mərkəzindən Mehdiabada, Müşfiqabada köçmək istəyər? Məktəbə, metroya yaxındır. Gör nə vəziyyətdəyik ki, biz özümüz burdan çıxmaq istəyirik, bura uçur. Fəhləlik etməklə, beş qəpik pul qazanmaqla uşaq böyüdürük, onu da burda öldürəsi deyilik. Qurumlar da hər şeyi bilir, sadəcə məsuliyyət hiss etmirlər və yaxud vətəndaşı vətəndaş kimi görmürlər".
"Bu qədər nazirlik bizim nəyimizə lazımdır?"
"Qaçqınlar Komitəsi, Maliyyə Nazirliyi, Nazirlər Kabinetindən gəlib, prezidentin sərəncamını gözlədiklərini deyirlər. Yaxşı bütün işlər prezidentə bağlıdırsa, bu qədər nazirlik bizim nəyimizə lazımdır? Bu qədər işi prezident həll edəsi deyil axı. Bəs bu qurumlar nə üçündür? ANS bağlanmamışdan əvvəl onları yaşadığımız ünvana dəvət etmişdik. Çəkiliş etdilər, prezidentə səsləndik. Ancaq görüntülər efirə gedəndə, danışdıqlarımızı görə bilmədik. Biz demirik ki, bizə vəsait, ev versinlər. Gördüyünüz boşluqda 100 palatka gətirib, qursunlar. Camaat orda yaşasın, biz ona da razıyıq".
"Azərbaycan neçə-neçə dövlət arasında seçilə bilir, ancaq 100 ailəsi yerbəyer edə bilmir?"
"Necə oldu axı, 1992-ci ildə yenicə qurulmuş dövlət 1 milyon qaçqını rahatlıqla yerləşdirə bildi, indi isə maddi, iqtisadi imkanı yerində olan Azərbaycan 100 ailəni yerləşdirə bilmir? Əgər prezidentimiz desə ki, bizi yerləşdirməyə dövlətin maddi imkanı yoxdur. Eybi yoxdur, biz ölümə məhkum olarıq, ona da razıyıq.
Biz necə bütün seçkilərdə iştirak ediriksə, öz borcumuzu yerinə yetiririksə, dövlətin də bizim qarşımızda öhdəlikləri var, vətəndaş hüquqlarımız var".
"Bu binanın başına iş gəlsə, mən içəridə olacam"
Bina sakinlərinin sözlərinə görə, dəfələrlə Xətai Rayon İcra Hakimiyyətindən hadisə yerinə gəliblər. Lakin onlara bildirilib ki, yüksək orqanlara yazılan məktublara cavab verilmir və İcra Hakimiyyətinin iş görməsi üçün imkanı yoxdur:
"Xətai İcra Hakimiyyətinin müavini Nizaməddin müəllim gəlib bizə dedi ki, İcra Hakimiyyətinin binanı təmir etmək üçün heç bir vəsaiti yoxdur. Müavin deyir ki, bu binanın başına iş gəlsə, mən içəridə olacam. Bizə bütün məktublar göstərilib, İcra Hakimiyyəti lazımi qurumlara xəbərdarlıq edib, ancaq onlara hələ də cavab verilməyib".
Sonda isə dövlət məmurlarının özbaşınalığından şikayətlənən aksiya iştirakçıları prezidentin sözlərini xatırladıblar:
"Məmurların yanına gedirik, özlərini şah, kral kimi aparırlar. Prezident dəfələrlə xalqın xidmətçisi olduğunu deyir, ancaq məmurların yanına gedəndə özümüzü Roma dövründə hiss edirik".
"AzərLayihə"nin binaya baş çəkdiyini qeyd edən sakinlər deyib ki, layihə rəhbəri bu binada yaşamağın əsl qəhrəmanlıq olduğunu bildirib.
[embed]http://www.youtube.com/watch?v=IjhEaZqvn-M[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun