Şəhid atası Şirzad Abdullayevlə bağlı baş prokorura müraciət edib

Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynov baş prokuror Zakir Qaralova müraciət edib. Əli Hüseynov müraciətin bir surətini də mətbuata göndərib. Bu barədə azadliq.info məlumat verib. 
Şəhid atası Zakir Qaralova məktubunda qeyd edib ki, oğlu sahibkarlıqla məşğuldur və o, sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edib. Əli Hüseynovun oğlu kredit almaq üçün fondun rəhbəri Şirzad Abdullayevə lazım olan bütün sənədləri təqdim edib.
“Lakin Şirzad Abdullayev xəzinədarı Mahirlə birlikdə oğlum Ramil Hüseynovun qarşısına şərt irəli sürüblər. Bu şərt onlara “hörmət” etməkdən ibarət olub. Oğlum şərti qəbul etmədiyi üçün Şirzad Abdullayev krediti ayırmalı olan “Azəriqazbank”in Sumqayıt filialına 120 min manat pulun verilməməsi barədə göstəriş verib”, – deyə müraciətdə qeyd edilib.
Şəhid atası 2014-cü ildən başlayaraq Şirzad Abdullayevin vəzifə səlahiyyətindən istifadə etməsi barədə müxtəlif qurumlara, o cümlədən prokurorluq orqanlarına müraciət etdiyini bildirib. O, iddia edir ki, amma fondun sədri həmin instansiyaları susduraraq cinayət işinin başlanmasına imkan vermir.
Əli Hüseynov qeyd edib ki, işlərlərlə bağlı toplanmış materiallar baxılması üçün Yasamal Rayon Prokurorluğuna göndərilib. Prokurorluğa onlar tərəfindən lazım olan faktlar, sübutlar və şahidlər təqdim olunub:
“Qarşı tərəfdən süründürməçiliyə yol verən “Aqrarkredit”in rəhbəri Məmməd Musayevin ifadəsi alınıb. Amma Şirzad Abdullayevə rəsmi məktub göndərilsə də, o, ifadə verməkdən imtina edib. Hətta Yasamal Rayon Prokurorluğu “Azəriqaz Bank”a rəsmi məktubla müraciət edərək Ramil Hüseynovun sahibkarlıqla bağlı təqdim etdiyi sənədləri və kredit ayrılması barədə komitənin qərarını tələb edib. Lakin onlar barədə mənə heç bir məlumat verilməyib”.
Şikayətçi bildirib ki, Yasamal Rayon Prokurorluğunda aparılan “araşdırma” da Şirzad Abdullayevə və Məmməd Musayevə prokuroluq orqanlarının gücünün çatmadığını göstərib.
“Hətta mən şəhid atası kimi Sizi mərhum Heydər Əliyevin ruhuna dəfələrlə and vermişəm ki, Yasamal Rayon Prokurorluğuna göstəriş verəsiniz ki, işə ədalətli baxılaraq cinayət işi başlansın. Amma qanunvericiliyə zidd olaraq barəsində şikayət etdiyim şəxslərin cinayət əməllərinin araşdırılması həmin şəxslərin özlərinə göndərilir”, – deyə müraciətdə vurğulanır.
Əli Hüseynov baş prokururdan xahiş edir ki, Yasamal Rayon Prokurorluğunda baxılmış materialların nəticəsi barədə qərarın surətinin ona təqdim olunmasına göstəriş verilsin. Həmçinin, şəhid atası Zakir Qaralovun onu qəbul etməsini istəyib.