“Qanuna yeni düzəlişlər ifadə azadlığını daha da məhdudlaşdıracaq”

“Qanuna yeni düzəlişlər ifadə azadlığını daha da məhdudlaşdıracaq”
16 Noyabr 2016
Mətni dəyiş
Baş prokuror Zakir Qaralov qanunvericilik təşəbbüsü ilə CM-in 148-1-ci maddəsinə düzəlişlər layihəsini Milli Məclisə təqdim edib. Bu, İnternetdə saxta istifadəçi adı və ya hesablardan yararlanaraq böhtan və təhqirlərə yol verilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. 
Bu hərəkətlərə görə 1000 manatdan 1500 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai iş, yaxud 2 ilədək islah işləri və ya 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
“Cinayət Məcəlləsinə böhran və təhqirə görə cəzaları sərtləşdirən yeni 148-1-ci maddənin daxil edilməsi ifadə azadlığının boğulmasına yönəlmiş növbəti qorxulu addım kimi dəyərləndirilməlidir”, - Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı baş prokurorun CM-ə İnternet azadlığı ilə əlaqədar parlamentə təklif etdiyi əlavələri şərh edərkən bildirib.
Onun fikrincə, bu təklif Konstitusiya və Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi ilə müəyyən edilmiş ideya və məlumatların yayılması azadlığının, toplumun ictimai önəmli məsələlər barədə müzakirələr aparmaq və tənqid etmək sərbəstliyini hədəfə alıb.
“Cinayət Məcəlləsi böhtan (147-ci maddə) və təhqirə (148-ci maddə) görə ağır cəzalar müəyyən edir. Belə qanunlardan ilk növbədə yüksək vəzifəli şəxslər öz tənqidçilərini boğmaq üçün geninə-boluna istifadə edirlər. Azərbaycan hökuməti Cinayət Məcəlləsinin bu maddələrinə yenidən baxacağıni, ağır cəzaları ləğv edəcəyini bəyan edib. Prezidentin tapşırığıyla 2010-cu ildən Cinayət Məcələsinin bu maddələrinin tətbiqinə moratorium qoyulub. Hökumət bəyan edib ki, sərt ifadələrə görə həbs cəzası verilməsinin tərəfdarı deyil. Odur ki, prokurorluğun bu təklifi hökumətin bəyanatına qarşı addım kimi görünür”, - R.Hacılı bildirib.
“Hər kəsin ifadə azadlığı onun həm öz adı altında, həm də təxəllüs və ya bəlli olmayan ad altında ifadələr yaymaq azadlığını da əhatə edir. Anonim və ya açıq yayılmış ifadələrə görə fərqli hüquqi məsuliyyət müəyyən edilməsinin hər hansı ictimai maraqdan irəli gəldiyi barədə iddiaların heç bir məntiqi əsası yoxdur”, - MHİ rəhbəri vurğulayıb.
Ekspert Xalid Ağəliyev mövzunu Turan-a şərh edərkən “Freedom House” təşkilatının İnternet azadlığı ilə bağlı bu günlərdə açıqlanmış hesabatını yada salıb.
“Həmin hesabatda Azərbaycanda İnternetin qismən azad olduğu vurğulanır. Hökumət hesabata cavabında bunun yanlış olduğunu, Azərbaycanda İnternetin tam sərbəst olduğunu iddia edirdi. Təəssüf ki, bu təklif bilavasitə İnternet azadlığına dəlalət edən, onu hədələyən məzmundadır”.
CM-in 147 və 148-ci maddələri böhtan və ya təhqir sayılan ifadələrin kütləvi yayılmasına, o cümlədən İnternet üzərindən yayılmasına görə onsuz da məsuliyyət müəyyən edib.
Avropa Şurası, Avropa İttifaqı və ATƏT CM-in  147 və 148-ci maddələrini ümumiyyətlə ləğvini gözlədiyi halda, həmin maddələrin daha da “zənginləşdirilməsi”  anlaşılmazdır.
Ekspert Ələsgər Məmmədli diqqəti ona yönəldib ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2007-ci ildə Mahmudov-Ağazadə, 2010-cu ildə  isə Fətullayev Azərbaycana qarşı işində qəbuledilməz sayaraq hökumətə bunun dekriminallaşdırılmasını təxirə salmadan reallaşdırmağı tövsiyə edib.
Azərbaycan hökuməti 2011-ci ildə Milli Fəaliyyət Proqramına diffamasiya haqqında qanunun qəbulu məsələsini daxil etsə də bunu icra etməyərək Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə İnterneti də əlavə edərək maddənin əhatəsini genişləndirdi.
Saxta profil sahibləri xaricdə otururlarsa bu qanun necə tətbiq ediləcək?
Mövcud qanunvericiliyə görə, CM-in  147 və 148-ci maddələrində nəzərdə tutulan məsuliyyətin işlədilməsi ancaq hüququ pozulan şəxsin xüsusi ittiham qaydasında mümkündür.
Şəxs xüsusi ittiham qaydasında iddia qaldırmalı və təhqirin yaxud böhtanın olduğunu sübut etməlidir. 148-1 maddədə bunu kim edəcək? Vətəndaş profilin saxta olduğunu hansı vasitələrdən istifadə edib sübut edəcək? “Təəssüflə qeyd etmək istəyirəm ki, hökumət rəsmilərinin tez-tez təkrarladığı bir ifadəsi vardı “bizdə İnternet azaddır”. İndi bu təklifi təqdim edənlər bu arqumenti rəsmilərin əlindən alır”, - Ə.Məmmədli vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun