Mehman Hüseynov: "Yenə qanunsuzluqları, özbaşınalıqları, məmurların əsl sifətini çəkib xalqımıza göstərəcəyik"

Mehman Hüseynov: "Yenə qanunsuzluqları, özbaşınalıqları, məmurların əsl sifətini çəkib xalqımıza göstərəcəyik"
15 Noyabr 2016
Mətni dəyiş
Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial şəbəkələrdə saxta profillərlə, başqa şəxslərin adları və saxta adlarla yalan xəbər, məlumat yayanlar, təhqiramiz fikirlər, təhlükəli çağırışlar edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər. 
Baş prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinə maddənin əlavə edilməsi ilə bağlı Milli Məclisə təklif göndərib.
Belə bir qanunun qəbul edilməsinə bloqqer Mehman Hüseynov sosial şəbəkədə münasibət bildirib. Hüseynov qeyd edib ki, məlum dəyişiklikdən sonra onun fəaliyyəti ilə bağlı bir çox suallar verilməyə başlanıb, hər kəs hansı addımı atacağını gözləyir. Mehman Hüseynov geriyə çəkilməyəcəyini bildirib:
"Fəaliyyətimdə heç bir dəyişiklik olmayacaq. Bu günə qədər yalnız doğruları yazmışam, demişəm, çəkib yaymışam. Bu qanunlar bizləri qorxutmaq üçün nəzərdə tutulub və bu gün mən saxta qanunlardan qorxub geriyə addım atsam hesab edin ki, onda böyük bir cinayət etmiş olaram. Odur ki, mən cinayət etmək istəmirəm".
O bildirib ki, Milli Məclisdə onu müzakirə edirlərsə, ona görə qanunları dəyişdirib, sərtləşdirirlərsə, deməli onun fəaliyyəti düzgün istiqamətdə gedir. Deputatlar illərdir rahat oturub kef edirdilər, televiziyaları, qəzetləri pul ilə susdurub elə bildirlər bununla iş bitib:
"Amma indi görürlər ki, yox, iş hələ bitməyib, onlar artıq xalqın nəzarətindədirlər. İllər əvvəl deputatlar heç nədən qorxmurdularsa, indi isə vəziyyət tam dəyişib. Məmurlarımız ictimai qınaqdan, ictimai nəzarətdən qorxurlar, artıq evlərində rahat oturub çay da içə bilmirlər ki, birdən kimsə gəlib onların qeyri-qanuni mülklərini çəkib yayarlar. Özləri qorxuya düşüb indi cavab olaraq bizi qorxutmaq istəyirlər".
Hüseynov deyib ki, yuxarıda oturanlar onun etdiklərini cinayət hesab edirsə, deməli o ölkənin ən böyük cinayətkarıdır.
"Açıq bildirirəm, fəxr edirəm ki, ölkənin ən böyük qanuni cinayətkarı mənəm. Odur ki, heç bir qanun məni dayandıra bilməz, yenə ölkədə baş verənləri, qanunsuzluqları, özbaşınalıqları, məmurların əsl sifətlərini çəkib xalqımıza göstərəcəyik. Təslim olmaq fikrim yoxdur. Silahlarım əlimdə, SANCAQ əlimdə, xalqı incidən, xalqın pullarını oğurlayan məmurlarla döyüşə tam hazıram", - deyə bloqçu qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun