Mənzillərdə qazın təzyiqi azalıb

Mənzillərdə qazın təzyiqi azalıb
23 Noyabr 2016
Mətni dəyiş
Havalar kəskin soyusa da, mənzillərə verilən qazın təzyiqi azalıb.
Sosial şəbəkələrdəki paylaşımlardan belə bəlli olur ki, gecələr paytaxtın bir sıra rayonlarında, o cümlədən, Sumqayıtda qaz kəsilir. Konkret olaraq neft sahəsi üzrə mütəxəssius İlham Şaban və digər sosial şəbəkə istifadəçiləri öz "Facebook" səhifələrində Yasamalda, Hövsanda və digər rayonlarda belə bir problemin yaşandığını bildiriblər.
Yaranan problemlə bağlı danışan İlham Şaban deyir ki, hər gün axşam saat 6-dan 11-ə qədər qaz təzyiqi azalır, gecələr isə əksərən sönür.
Ekspert yaranmış problemin əsasında Azərbaycanın qaz balansında kəsirin olduğunu düşünür:
"Sual olunur; hökumət kəsiri necə örtmək istəyir? Rəsmi rəqəmlərə baxaq: 9 ayın məlumatında 500 min tona yaxın istilik-elektrik stansiyalarında mazutdan istifadə edilib. Başqa tərəfdən də, əvvəl 700 milyon kubmetrdən çox Azəri-Çıraq-Günəşlidən qaz alınırdı. Bundan əlavə, SOCAR-ın qaz istehsalı azalıb, bunlar obyektiv səbəblərdir. Bilirsiniz ki, 2015-ci ilin dekabrında 10 saylı platformasında böyük faciə baş verdi, bu platformanın çox yaxşı qaz hasilatı vardı, gündə 1 milyon kubmetrə yaxın qaz hasil olunurdu. Beləliklə, həmin platformadan qaz təsərrüfatına son 9 ayda 274 milyon kubmetr qaz gəlməli idi. İkinci amil, 700 milyon kubmetr Azəri-Çıraq-Günəşlidən gəlmədi. Ümumilikdə, 1 milyard kubmetrə yaxın qaz defisti yarandı. Rəsmi statistikaya görə, ölkə 32 faizə qədər "Şahdəniz"dən qaz alırdıqsa, hazırda bu rəqəm 37 faiz artırıldı və daxili bazara yönəldi. Bununla belə qənaət rejimində bu qazdan istifadə edilir ki, xaricdən qaz idxal edilmədən 2016-cı ili başa vurulsun. Başqa bir məlumat, 10 ayın yekunlarına əsasən, ölkədə elektrik enerjisinin istehsalı 2 faiz aşağı düşüb, deməli, istifadə olunan yanacağın həcmi və SOCAR-ın verdiyi qaz da azalıb. Reallıq bundan ibarətdir ki, hökumət Azəri-Çıraq-Günəşlidən 3 milyard kubmetrə yaxın qaz ala bilərdi. Əgər hökumət qaz alsaydı, o zaman 800 min ton hasilat aşağı düşəcəkdi, bu, hökumətin proqnozudur. Ona görə hökumət düzgün qərar qəbul etdi ki, həmin qazı neft quyularına vurmaqla hasilatın artmasına nail olsun. Buna görə Azəri-Çıraq-Günəşlidə 233 min ton hasilatın artmasına nail olub, bu, son 10 ayın nəticəsidir. Baxmayaraq ki, digər layihələrdə hasilatın azalması 450 min ton civarındaydı, səbəb ötən ilin 10 saylı platformadakı faciədir. Çünki orda 24 quyu işləyirdi. İlk dəfə olaraq 10 ayın nəticəsinə görə 0,8 faiz azalma qeydə alındı. Əslində, Azərbaycan hökuməti bu məsələlərdə dözümlü olduqlarına görə vətəndaşlara təşəkkür etməlidir, təəssüf ki, bunu etmir. Çünki hökumətin qənaəti hesabına xaricdən 1 milyard kubmetr qaz alınmadı və 150-200 milyon dollar vəsait xərclənmədi. Bütün bunlar Azərbaycan vətəndaşlarının şücaəti hesabına oldu. Hökumət sanki hesab edir ki, azərbaycanlılar Şimali Koreya əhalisi səviyyəsindədirlər, heç nədən xəbərləri yoxdur, nə desələr inanacaq. Görünür, hökumət qışı qənaət rejimində başa vurub növbəti ilin planına baxmaq istəyir. Biz hələ 2017-ci ilin yanvar və fevralında havanın necə olacağını deyə bilmərik. Bu ilin martın sonunda qaz rejiminə yekun vurduq. Bəlkə apreldə oktyabr və noyabrın hava şəraitini yaşadıq, o zaman qazla bağlı poroblem yaşana bilər". [caption id="" align="alignnone" width="620"]İlham Şaban foto Meydan TV İlham Şaban foto Meydan TV[/caption]
İlham Şaban hesab edir ki, hazırda Azərbaycana islahatlar lazımdır: "Evində istilik olmayan vətəndaşlar televiziyalardan Avropanın Azərbaycanın enerjisindən asılı olduğunu eşidirsə, bu, ona qeyri-ciddi gələcək. Halbuki, Avropanın 2005-ci ildən apardığı siyasət heç kəsdən asılı olmamaq xəttinə söykənir. Bizim kanallar isə səhərdən axşama qədər vətəndaşlara diktə etmək istəyir ki, Azərbaycanın boru kəməri olmasa, Avropa donacaq, bu, çox gülünc təbliğatdır. Ona görə, ilk növbədə, öz vətəndaşlarının qayğısına qalmaq lazımdır".
İqtisadçı Zöhrab İsmayıl  bildirib ki, əhaliyə verilən qazın tez-tez kəsilməsi hökumətin xaricə baha qiymətə qaz satmasından irəli gəlir:
"Əsas problem Azərbaycanın qaz istehsalının azalmasıdır. SOCAR-a isə valyuta lazımdır və bu baxımdan maksimum xaricə satmaq istəyirlər. Əslində, qaz maya dəyərindən baha satılır, bəli, əhalinin yaşam durumunu və əməkhaqqısını nəzərə alsaq, qiymətlər elə də ucuz deyil. Amma hökumət qazı xaricə satmağa üstünlük verir. Məsələ ondadır ki, qaz hasilatı 2015 və 16-cı ildə azalıb, ümumən ölkə səviyyəsində azalma var, söhbət "Şahdəniz" layihəsindən gedir, həm də SOCAR-ın özündə azalma var".
[caption id="" align="alignnone" width="987"]Zöhrab İsmayıl foto sosial şəbəkə Zöhrab İsmayıl foto sosial şəbəkə[/caption]
Zöhrab İsmayıl hesab edir ki, hökumətin daxili qazlaşmayla bağlı siyasəti yarımçıqdır. Hazırda yüzlərlə kəndin qaz təchizatı yoxdur, onların içində böyük kəndlər də var. Bəzi dağ kəndlərinə qaz çəkməyin çətinliyini anlamaq olar. Söhbət yollara yaxın olan böyük kəndlərdən gedir ki, illər ötsə də, problem həllini tapmır. Bu, SOCAR-ın ixraca üstünlük verməsilə bağlıdır. Vacib məqamlardan biri Azəri-Günəşli-Çıraq yatağında çıxan səmt qazıyla bağlıdır, bu qaz Azərbaycana pulsuz verilir. Amma çox təəssüf ki, SOCAR bu qazın hamısını bir yerə toplayıb Neft Daşlarındakı kompressor stansiyasına ötürə bilmir: "Düzdür, neft yataqları sönəndən sonra səmt qazı da olmayacaq, hər halda söhbət qarşıdakı 10 ildən gedir. Sadəcə, hökumətin qeyri-effektiv idarəetməsi və uğursuz neft-qaz strategiyası nəticəsində həmin səmt qazının xeyli hissəsi havaya yandırılır. Bütün hallarda əhaliyə qazın az verilməsinin səbəbi qazı xaricə satıb valyuta əldə etməklə bağlıdır"
"Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə bildirdi ki, qazın kəsilməsi barədə onlarda hər hansı məlumat yoxdur: "Adətən qazın verilməsi hər hansı qəza nəticəsində dayandırılır. Nə Yasamal, nə də Sumqayıt bölgəsindən qəza xəbəri almamışıq. Bu cür problemlə rastlaşan sakinlər "Azəriqaz"a müraciət etsinlər. Bizim işçilər abonentlərin evlərinə gedib, problemin nədən qaynaqlandığını, səbəbini öyrənib, aradan qaldırsınlar".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun