İlham Əliyev: "Kosmik sənayemizin inkişafı yeni mərhələyə keçəcək"

İlham Əliyev: "Kosmik sənayemizin inkişafı yeni mərhələyə keçəcək"
29 Noyabr 2016
Mətni dəyiş
Azərbaycan prezidenti İlham Əliyev“Bakutel–2016” XXII beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransının iştirakçılarına məktub ünvanlayıb.
Məlumata görə, məktubda deyilir:
“Hörmətli sərgi və konfrans iştirakçıları! Sizi – “Bakutel–2016” XXII beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransının iştirakçılarını Bakı şəhərində ürəkdən salamlayır, hər birinizə gələcək işlərinizdə uğurlar diləyirəm.
Xəzərətrafı regionda telekommunikasiya və informasiya texnologiyaları üzrə ən nüfuzlu tədbirə çevrilmiş bu ənənəvi sərgi və konfrans, bir qayda olaraq, ölkəmizin, eləcə də dünyanın bir sıra dövlətlərinin və aparıcı şirkətlərin yüksək texnologiyalar sahəsində ən son nailiyyətlərinin təqdim edildiyi məkan rolunu oynayır.
Bu gün davamlı tərəqqi dövrünü yaşayan Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilib. Müasir texnologiyalardan lazımınca yararlanmaq üçün ölkəmizdə əlverişli şərait yaradılıb, cəmiyyətin gündəlik həyat fəaliyyətinin tərkib hissəsi olan internetə yüksəksürətli çıxış və ondan sərbəst istifadə imkanı təmin edilib. Hazırda rəqəmli televiziya yayımı həyata keçirilməkdədir. Dövlət idarəçiliyində müasir metodlar və texnoloji yeniliklər sayəsində “elektron hökumət” sisteminin tətbiqi genişlənib.
Texnologiya parklarının fəaliyyətə başlaması, qabaqcıl texnologiyaların bütün sahələrdə tətbiqi, istehsal və investisiyayönümlü innovativ layihələrə dövlət dəstəyi, o cümlədən güzəştli maliyyə təminatı respublikamızda təşəkkül tapmaqda olan startapların inkişafına, gənclərin təşəbbüskarlığının artmasına və nəticə etibarilə iqtisadiyyatımızın dinamik yüksəlişinə xidmət göstərir.
“Azerspace–1” və “Azersky” peykləri dünya kosmik ailəsində ölkəmizin layiqli yer tutmasını təmin ediblər, eyni zamanda, regionun peyk xidmətləri ilə təchizatında da onların mühüm rolu var. Ümidvaram ki, növbəti telekommunikasiya peykimiz “Azerspace–2”nin orbitə çıxarılması Azərbaycanda kosmik sənayenin inkişafında yeni mərhələnin təməlini qoyacaq.
İnanıram ki, sərgi və konfrans çərçivəsində keçirəcəyiniz səmərəli görüşlər, müzakirə edəcəyiniz aktual məsələlər yeni təşəbbüslərin meydana çıxmasına və gerçəkləşməsinə, qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun