Hillary Clinton-un e-mail qalmaqalının ən sadə izahı

Hillary Clinton-un e-mail qalmaqalının ən sadə izahı
2 Noyabr 2016
Mətni dəyiş
Hillary Clinton-un e-maildən istifadəsilə aylardır davam edən qalmaqal yenidən diqqət mərkəzindədir. Donald Trump Hillary Clinton-un e-maildən necə istifadə etməsilə bağlı məsələnin "cinayət" olduğunu deyir.
Hillary Clinton-un komandası bildirir ki, Federal Təhqiqatlar Bürosu (FTB) seçkilər ərəfəsində e-mail problemi ilə bağlı araşdırmanı elan etməklə qanunları pozmuş ola bilər.
Bəs görəsən Hillary Clinton nədə təqsirləndirilir? BBC Newsbeat proqramının müxbiri Catherine Burns bu barədə olan məlumatları bir araya gətirib.

Onun e-maillərinə niyə bu qədər əhəmiyyət verilir?

hillary2009
Bu məsələ 7 il əvvəl Hillary Clinton-un Dövlət Departamentinin rəhbəri işlədiyi dövrə aiddir.
Hillary Clinton state.gov e-mail yaratmaq əvəzinə iş və xidməti yazışmalarını [email protected] ünvanı üzərindən aparıb. Onun New York-dakı evində özəl serveri olub.
Xanım Clinton dövlət katibi işləyərkən 62000 e-mail aldığını bildirir. Onların yarısı xidməti olub, yerdə qalanların isə işə aidiyyatı olmayıb.
Clinton bildirir ki, şəxsi e-maillər qızının toyuna hazırlıq, anasının yası və "yoqa məşqləri" kimi şəxsi məsələlərlə əlaqəli olub.
"Mən düşünürdüm ki, bir cihazdan istifadə daha asan olardı, lakin göründüyu kimi, bu belə deyilmiş", o müxbirlərlə bölüşərkən deyib.
hillary-family

Qalmaqal nədən ibarətdir?

Hazırda Clinton ictimaiyyətdən heç bir məlumatı gizlətmədiyinə inandırmağa çalışır. Tənqidçilərə əsasən şəxsi server və e-mail ünvanını istifadə etməklə Clinton məktublara tam nəzarət edib.
Beləliklə, o hökumətə hansı məlumatın göndəriləcəyini həll edə bilirdi. Bununla bağlı ortaya təhlükəsizlik məsələsi çıxır. Bəziləri belə hesab edir ki, şəxsi serverdən istifadə yazışmanı haker və xarici casusların asan hədəfi edə bilərdi.
Bunun həqiqi olub-olmadığını demək mümkün deyil. Hərçənd ki, hökumət serverlərinin də tam təhlükəsiz olmadığı məlumdur. Belə ki, Dövlət Departamentinin serveri 2014-cü ildə haker hücumuna məruz qalıb.

Bu qanunsuzmu olub?

hillary-mobile
Çox güman ki, yox, amma bu, bir qədər qeyri-müəyyənlik olan sahədir. Vaxtilə qüvvədə olan qanuna əsasən şəxsi e-maildən istifadə edən rəsmilər xidməti yazışmaları hökumətə göndərməli idilər.
Hillary Clinton deyir ki, iş e-maillərinin çoxu hökumət ünvanları olan şəxslərə göndərilib və avtomatik olaraq arxivləşdirilib.
2016-cı ilin may ayında Dövlət Departamenti bildirib ki, Hillary Clinton-un şəxsi e-mailin istifadəsi üçün icazə almaması hökumət qaydalarına zidd olub. Lakin bu cinayət sayılmır.
FTB bunu artıq araşdırmayıbmı?
Bəli. İyul ayında FTB Hillary Clintonun əməllərində cinayət tərkibinin olmadığını elan edib. FTB-nin direktoru xanım Clinton-un "olduqca ehtiyatsız" addım atdığını qeyd edib. Eyni zamanda James Comey deyib ki, heç bir prokuror Clintona qarşı cinayət işi açmaq niyyətində deyil.
FTB qeyd edir ki, Hillary Clinton minlərlə iş e-mailini təhvil verməyib. FTB hesab edir ki, onlar bilərəkdən gizlədilməyib, çünki bu, məsələnin aşkara çıxmasından əvvəl baş verib.
Demokratların seçki düşərgəsi məsələni ictimai müzakirələrin mərkəzindən kənara çəkməyə cəhd etsə də, Clintonu təkrarən "yalançı Hillary" adlandıran Donald Trump buna yol verməyib.

FTB məsələni niyə yenidən təhqiq edir?

james-comeySeçkilərə iki həftə qalmış araşdırma barədə elan Clinton düşərgəsinə gözlənilməz zərbə oldu. FTB-nin direktoru James Comey Konqresə ünvanladığı məktubunda işə aidiyyatı ola biləcək yeni e-maillərin aşkar olunduğunu bildirib.
Hazırda FTB əməkdaşları e-maillərdə məxfi məlumatların olub-olmamasını müəyyənləşdirirlər.
 
Onlar 650,000 e-maili nəzərdən keçirməlidirlər. Çox güman ki, bu iş seçkilərədək başa çatmayacaq. Ehtimal olunur ki, e-maillər Anthony Weiner adlı siyasətçinin işilə bağlı araşdırma çərçivəsində aşkar olunub.

Onun adı həqiqətən də Weiner-di?...

weiner
Bəli. Cənab Weiner geniş ictimaiyyətə əsasən seksual mahiyyətli şəkil və mesajlar göndərməklə (sexting) bağlı qalmaqala görə tanınıb.
5 il əvvəl ailəli siyasətçi alt paltarında təsvir olunduğu öz görüntüsünü səhvən tvit etmişdi. Öncə o, haker hücumuna məruz qaldığını desə də, daha sonra bir neçə qadına intim mesajlar göndərdiyini etiraf edib.
Hadisədən bir neçə il sonra onun uydurma Carlos Danger adı altında hələ də mesajlaşdığı məlum olub.
Weiner-in seçkilərə aidiyyatı var. Çünki o, vaxtilə Huma Abedin adlı qadınla evli olub. Həmin qadın isə Hillary Clintonun ən yaxın müşavirlərindəndir.

Açıqlamanın vaxtı şübhələr doğururmu?

humaabedin
Hillary Clintonun komandası bu suala əminliklə müsbət cavab verir. ABŞ Ədliyyə Nazirliyi James Comey-ə verdiyi məsləhətdə seçkilərin yaxınlaşdığı ərəfədə məlumatı açıqlamamağı tövsiyə edib.
Clinton düşərgəsi hesab edir ki, məlumatın açıqlanması ilə qanun pozulub. Senatda demokratların lideri Harry Reid cənab Comey-ə məktubla müraciət edib.
"Son aylar ərzində sizin addımlarınız həssas məlumatlarla bağlı narahatedici ikili standartları nümayiş etdirir", Harry Reid yazıb.
ABŞ rəsmiləri seçkilərə təsir etmək məqsədilə şəxsi vəzifələrindən istifadə etməməlidirlər.

Bu nə dərəcədə əhəmiyyətlidir?

harryreid
Bu suala seçkilərin sonunadək dəqiq cavab vermək mümkün deyil. Lakin rəy soğuları onun seçki kampaniyasına təsir etdiyini göstərir.
Ötən həftə Hillary Clinton 12 xalla irəlidə idi. Hazırda bu rəqəm azalaraq 1 bala çatıb. Bu deməkdir ki, mövzu seçkilərin son mərhələsinədək gündəmdə qalacaq.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun