'Heydər Əliyev pr. 117'dəki binalar kimindir?

'Heydər Əliyev pr. 117'dəki binalar kimindir?
12 Noyabr 2016
Mətni dəyiş
Şəlalə Məmmədova isə pəncərəsiz, qapısız yeraltı dünyasında yaşamağa davam edir.
“Pəncərəmiz yoxdur ki, bilək işıq haradan gəlir. Biz ancaq saatla işləyirik. Burda ayaqyolu, hamam da yoxdur. Çimmək üçün 1 manat verib qonşuya gedirik. Su yox, qaz yox. İşıqlar sönəndə zülmətdə qalırıq. Bəlkə də prezidentimiz bizim bu cür yerdə yaşadığımızı bilir. Prezident qərar verdi ki, qaçqınlara bu qədər pul ayırmışam. Səhəri gəlib yazılar ki, iki-üç günə çıxırsınız. Ancaq bizi aldatdılar. Ona görə artıq inamımız qalmayıb. Çünki çox aldanmışıq”.
Bu zirzəmidə yaşayanlar var...
Yaşı yarım əsri haqlayan Şəlalə Məmmədova 20 ildən çoxdur Bakıda, Koroğlu Rəhimov küçəsində, yerin altında yaşayır.Yarımçıq binanın zirzəmisində, pəncərəsiz, heç bir kommunal şəraiti olmayan yerdə 50-yə yaxın ailə yaşayır. Şəlalə üç azyaşlı uşağını burda böyüdüb. İki qızını burdan gəlin köçürüb, oğlu burdan hərbi xidmətə gedib qayıdıb. Burda yaşayan başqa qaçqınlar kimi, Şəlalənin də ən böyük arzusu qapısı, pəncərəsi olan, pəncərəsindən günəş görünən bir evdə yaşamaqdır.
Qazmada yaşayan Şəlalənin yolu tez-tez Koroğlu metrosunun yaxınlığından düşür. İllər əvvəl burda bir-birinin yanında tikilən yaşayış binalarını görəndə, elə bilirmiş ki, qaçqın şəhərciyidir. Ürəyi atlanıb, burdakı binaların birində birotaqlı evinin olmasını arzulayıb. 2008-ci ildə “Heydər Əliyev prospekti, 117”də tikilən 13 yaşayış binasının tikintisi bir neçə il sonra başa çatmışdı. Hər dəfə yolu oradan keçərkən, Şəlalə fikirləşirmiş ki, yəqin bu gün-sabah ora köçürüləcəklər:
Bu zirzəmidə yaşayanlar var...
“Hər dəfə oradan keçib o binalara baxanda, fikirləşirəm ki, görəsən, bizim də nə vaxtsa evimiz olacaq? Özüm heç, 50 yaşım olub, heç olmasa, uşaqlarım bir gün görəydi. Sabah oğlum evlənəndə, mən bilmirəm ki, o gəlini hara gətirəcəyəm. Zirzəmiyə? Özüm bu zirzəmidə xəstə oldum. Boş evləri görəndə fikirləşirəm ki, görəsən, bizim də evimiz olacaq? Görəsən, biz də öz mətbəximizdə bir qazan yemək bişirib, çay qaynadacağıq? Evə bir qonaq gələndə, ayaqyoluna getmək istəyəndə, bilmirik neyləyək. Gərək burdan çıxıb ayaqyolu üçün nə qədər yol gedək. Boş evlərdir qalıb, bizi yığsalar nə olar ki...”.
“Heydər Əliyev prospekti, 117”dəki binaların tikintisi başa çatandan sonra bəlli oldu ki, şəhərcik qaçqınlara tikilməyib. Deyildi ki, 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarında iştirak edən idmançılar orada yerləşdiriləcək. Həmin vaxt Gənclər və İdman Nazirliyi şəhərcikdəki yaşayış binalarını icarəyə götürdüyünü bildirmişdi.
Birinci Avropa Oyunları başa çatdı. Ancaq həmin binalar o vaxtdan boş və istifadəsiz qalır.
Gənclər, İdman nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Azadlıq Radiosu-na oranın icarədə olduğunu bildirib:
«“Atletlər Kəndi”ni Avropa Oyunları Əməliyyat Komitəsi icarəyə götürmüşdü. Biz onu götürmüşdük ki, istifadə edək, sonra qaytaraq. Hələ ki, qaytarmamışıq. Qarşıda İslam Oyunları var, İslam Oyunlarına gələcək idmançılar “Atletlər Kəndi”ndə qalacaq. Atletlər Kəndi hələ də istifadə olunur».
Nazirliyin sözçüsü nə qədər icarəhaqqı ödəndiyi barədə məlumat verə bilməyəcəyini də dedi.
“Atletlər Kəndi” “Azinko” şirkətinin balansındadır. Şirkətdən bildirdilər ki, binalar İslam Oyunlarına görə də Gənclər, İdman nazirliyinin icarəsində olacaq.
İslam Həmrəylik Oyunları gələn ilin mayında keçiriləcək.
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, bir neçə ildən bir keçirilən beynəlxalq idman yarışlarına görə, bu cür binalar boş qalmamalıdır. Məsələn, turizmi genişlətmək üçün bu binalardan aşağı ulduzlu otel kimi istifadə oluna bilər:
“Həmin binaların boş qalması iqtisadi baxımdan heç bir halda doğru deyil. Məsələ bundadır ki, bu binaların aralıq dövründə hansı formada istifadəsi ilə bağlı mexanizm yoxdur. Problem ondadır ki, bu tikililər ehtiyacı olan əhali qrupuna veriləndən sonra keyfiyyətində aşınmalar başlanacaq. Sonrakı dövrlərdə bu tikililərin nəzərdə tutulmuş məqsədlərdə istifadə imkanları məhdudlaşacaq, təmir xərcləri artacaq. Bu binaların istifadəsi ancaq biznes maraqları çərçivəsində həll edilməlidir. Onlardan daha aşağı qiymətli otel kimi istifadə etmək olar. Onsuz da Bakıda 2-3 ulduzlu otellər əlçatan deyil. Otel kimi təklif etməklə biznes baxımından gəlirliliyini təşkil etmək, həm də aşınmasının qarşısını almaq olar. Qaçqınların istifadəsinə verilməsinə gəlincə, söhbət ondan getmir ki, qaçqınlar mənzillə təmin olunmamalıdır. Bu, dövlətin borcu olmalıdır. Milyardlarla vəsaiti lazımsız yerlərə yönəldir. Qaçqınların həyat şəraitini yaxşılaşdırmaq mütləqdir. Ancaq təsəvvür edin, qaçqınlar bu binalarda müvəqqəti yaşadı, müəyyən qədər uyğunlaşdılar. Sonradan hansısa idman tədbiri keçiriləndə, onları çıxarmaq çox mürəkkəb proses olar”.
Ekspert icarə haqqının açıqlanmamasına da toxunur və şəffaflıq baxımından bu rəqəmlərin açıqlanmasını vacib sayır.
Ötən il Gürcüstanda Gənclərin Olimpiya Festivalı keçirilərkən, yarışlara görə 16 bina tikilmişdi. Həmin 16 binadan 8-i əvvəllər qaçqınların yaşadığı binalar olub. Həmin vaxt Gürcüstanın baş naziri İrakli Garibashvili bildirmişdi ki, idman festivalı başa çatandan sonra oyunlar üçün tikilmiş binaların hamısı qaçqınlara veriləcək...
[caption id="" align="alignnone" width="610"]Şəlalə Məmmədova Şəlalə Məmmədova[/caption]
...Şəlalə Məmmədova isə pəncərəsiz, qapısız yeraltı dünyasında yaşamağa davam edir. Özü bunu yaşamaq saymasa da...

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun