Həkim səhlənkarlığı: "Cift yerinə bağırsağımı kəsdi..."

Həkim səhlənkarlığı: "Cift yerinə bağırsağımı kəsdi..."
8 Noyabr 2016
Mətni dəyiş
Azərbaycanda həkim məsuliyyətsizliyi ucbatından onlarla insan dünyasını dəyişib və şikəst qalıb. Hadisələrdən bəziləri mətbuatda işıqlandırılsa da, məsuliyyətsizliyə yol verənlər cəzalandırılsa da, xəstəxanalardakı olayların ardı-arası kəsilmir.
Bu dəfə isə həkim məsuliyyətsizliyi ilə aprel döyüşlərində şəhid olan İnqilab Quliyevin bacısı Filyar Usubova qarşılaşıb. Bu barədə Usubova Azadlıq qəzetinə şikayət göndərib.
Zərərçəkənin verdiyi məlumata görə, yanvarın 15-də doğuş üçün üz tutduğu Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada həkim ciftlə birlikdə onun bağırsaqlarını da kəsib:
Buna da baxın: “Anamın ödünü çıxarmaq yerinə mədəsini kəsdilər”
“Həmin gün xəstəxanada 53 nəfər əməliyyat etdirirdi. Mənim doğuşum da təbii yolla, heç bir problemsiz başa çatdı. Amma əməliyyatdan sonra bir anlıq kəskin ağrı hiss etdim və qışqırmağa başladım. Həkim müayinəsindən sonra məlum oldu ki, doğuşdan sonra cift gec düşüb, əməliyyatı həyata keçirən Səkinə Cənnətova digər əməliyyatlara gecikməmək üçün ciftin düşməyini gözləməyib. Qarnımdan bərk basdığı üçün bütün bağırsaqlarım çölə çıxıb və həkim ciftlə bərabər mənim bağırsağımı da kəsib”.
F. Usubova deyir ki, həkim doğuş prosesindən sonra baş verənləri heç kimə deməyib və problemi özü aradan qaldırmaq istəyib: “O, heç kimə demədən bağırsağımın kəsilən hissəsinə tikiş qoyub. Kəsdikdən sonra tikiş qoyduğu üçün sağolsun, amma gərək, etdiyini bizə deyərdi ki, ailəm ona uyğun müalicə etdirərdi. Tikiş qoyub gizlətdiyi üçün mənim vəziyyətim daha da ağırlaşıb”.
S.Cənnətova bağırsağına tikiş qoyduğu xəstəyə 3 gün sonra heç nə olmamış kimi evə çıxmağa icazə verib. Şəhid bacısı evə getdikdən sonra qanaxmaya düşüb:
Buna da baxın: Həkimdən prezidentə: “Dövlətin ayırdığı pullar hara xərclənir?”
“Qanaxmayla bərabər qızdırma başladı. Həkimlər mənə qızdırmanı salmaq üçün iynələr vurdurmağımı məsləhət gördülər. 10 gün sonra yüksək qanaxma ilə çox ağır vəziyyətdə həmin xəstəxanaya yerləşdirildim. Məni Ədnam həkimin əməliyyat edəcəklərini dedilər. Ədnam həkim qarnımı yardıqdan sonra görüb ki, bağırsaqlarım və digər orqanlarım bir-birinə qarışıb. Səkinə həkimin kəsib daha sonra tikiş qoyduğu bağırsaq da zədələndiyi yerdən çürüyüb. Əməliyyatla çürüyən yer götürüldü. Cərrah həmin hissəni yalnız sağaldıqdan sonra əməliyyatla içəri salmağın mümkün olduğunu dedi. Şəhid qardaşım əvvəl qanaxmam davam etdiyi müddətdə mənə nə qədər qan lazım oldusa, verdi. Elə onun sayəsində sağ qaldım”.
Həkim törətdiyi xətanın ortaya çıxdığını bildikdən sonra şikayət etməməsi üçün Filyar Usbovanı yola gətirməyə çalışıb:
“Mənə dedi ki, siz heç bir yerə şikayət etməyin, mən bütün xərcləri öz üzərimə götürürəm. Hətta söz verdi ki, həyatının sonuna qədər lazım olan bütün xərcləri özü çəkəcək, məni sağaldacaq. Biz də Səkinə həkimə inanıb, heç bir orqana şikayət etmədik”.
Buna da baxın: Ayağı səhvən kəsilən qadın dünyasını dəyişib
Şikayətçinin sözlərinə görə, bu hadisələrdən sonra qardaşı şəhid olub, nənəsi isə rəhmətə gedib. Elə yas səbəbindən əməliyyat gecikib:
“Biz yenidən əməlyyata hazır olduğumuzu bildirəndə isə Ədnam həkim əməliyyatı həyata keçirməkdən imtina etdi. Atama deyib ki, əməliyyat çox təhlükəlidir və ölüm baş verə bilər. Amma əvvəl yarım saatlıq iş olduğunu demişdi. Şəhid ailəsi olduğumuz üçün icra hakimiyyəti bizim problemlə maraqlandı. Şəhər rəhbərliyindən tapşırığı ilə əməliyyat Gəncə şəhər səhiyyə şöbəsinin müdiri Əlikram həkim tərəfindən edildi. Əlikram həkim əməliyyatı uğurla həyata keçirdi. Reanimasiyada qaldığım 8 gün ərazində müayinələri özü apardı”.
Buna da baxın: Rayondan Bakıya təcili yardım maşını ilə xəstə gətirmək qadağan olunub
Zərərçəkən onu şikəst edən həkimlə bağlı aidiyyəti qurumlara müraciət edib, sübutlar təqdim edib. Gəncə Şəhər Prokurorluğu Filyar Usubovanın Səkinə Cənnətova ilə bağlı şikayətinə baxıb. Lakin heç bir nəticəsi olmayıb:
“Səkinə həkim bizimlə əlaqəni kəsdikdən sonra prokurorluğa müraciət etdik. Düzdür, müraciətimə baxıldı. Ekspertiza diaqnoz qoydu ki, guya, əməliyyata girməmişdən əvvəl qarnımda vəz olub, əməliyyat zamanı isə partlayıb. Bəs qarnımda vəz var idisə, niyə əməliyyatdan əvvəl aparılan müayinələrdə görünməmişdi? Daha sonra bütün sənədlərlə birlikdə Bakıya Respublika Prokurorluğunun ekspertiza şöbəsinə göndərildim. Amma mənim üzərimdə heç bir müayinə aparılmadı. Prokurorluğa gedən diaqnoz bir həftə-on gün arasında qayıtmalıdır. Amma 21 iyulda ekspertizaya göndərilmişəm, cavab 20 sentyabrda gəlib. Yoldaşım prokurorluğun eksperti Ədalət həkimə zəng vurub. Ədalət həkim isə yoldaşıma deyib ki, mənim bu məsələyə aidiyyətim yoxdur. Mən heç bir diaqnoza rəy bildirməmişəm. Bu işdə mənim adımı hallandırmayın”.
Şəhid bacısı həmçinin bu iş üzrə Ədnam həkimin ifadəsinin alınmalı olduğunu bildirir: “Hadisədən sonra mənim qarnımın hansı vəziyyətdə olduğunu ilk dəfə Ədnam həkim görüb. O, bütün həqiqətləri bilir. Amma iş bağlansa da, həmin həkimdən izahat alınmayıb. Çünki Ədnam həkim əvvəldən deyir ki, mən başqasının cinayətini üzərimə götürə bilmərəm”.
Şikayətçi hazırda çox ağır vəziyyətdə olduğunu deyir: “Mən hazırda heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmirəm. Qaraşım da şəhiddir. Anamın və yoldaşımın heç bir köməyi yoxdur. Ona görə də gələcəyimlə bağlı çox bədbin fikirdəyəm. Səkinə həkimdən 100 min manat mənəvi təzminat tələb edirəm”.
Buna da baxın: Beyni elektromaqnetik dalğalarla stimullaşdırmaq depressiyanı aradan qaldırır – video
Filyar Usubovanın anası Sədaqət Ağayeva isə qızının başına gələnlərlə bağlı bunları deyib:
“Yanvarın 15-i qızım ikinci dəfə ana olmağa hazırlaşanda, biz də xəstəxanada gözləyirdik. Birdən qızımın harayını eşitdim. Bir az keçdi həmin o Səkinə həkim qaça-qaça gəldi ki, gedin aptekdən filan dərmanları alıb gətirin. Gecəylə hərəmiz bir yana səpələndik. Dediyi dərmanları, iynələri, pambığına qədər alıb gətirdik. Qızımı orda qan aparır, bu həkim isə onu palataya köçürmürdü. Filyarı dəhlizdə saxlamışdılar. Bizdən 250 manat doğuş pulunu almayınca, onu palataya yerləşdirmədi. Nə qədər yalvar-yaxar etdim ki, başqalarından 150 alırsan, bizdən niyə 250 manat istəyirsən? Dedi ki, üst-başımız qanın içindədir, bu qədər iş görmüşük. Sonra qızı palataya köçürdilər. Bu, həkim deyil, cəlladdır, özü bilir ki, səhv edib, qızımın bağırsağını kəsib və ondan sonra da 23 yaşlı zahı gəlini götürüb, heç nə olmamış kimi evə yazıb, deməyib ki, mən bu səhvi etmişəm. Biz də qızı evdə yedirdirik ki, südü olsun, uşağı yedirsin. Sən demə, bunun bağırsağıını kəsib. Yediyi-içdiyinin də artığı qarın boşluğuna yığılır. Ona görə də balamın qarın boşluğundakı qadınlıq orqanlarını kəsib götürdülər. Əri də oğlum İnqilabın yanında hərbi hissədə işləyirdi. Qızım xəstə olduğundan işdən çıxdı ki, ona baxacaq. Bu gün o da işsizdir. Qızım da yarımcan…”
S.Ağayevanın sözlərinə görə, qızını yarımcan qoyan həkim nəinki verdiyi sözə əməl etməyib, heç oğlu İnqilab şəhid olanda yas yerinə də gəlməyib:
“Bütün Gəncə tökülüb şəhid oğlum üçün 7 gün həyətdə qurulan yas çadırına gəlib, bizə başsağlığı verdi. Bircə Səkinə həkim gəlmədi. Uşaqlı-böyüklü, tanıyan-tanımayan qapıma gəldi, mənim dərdimə şərik oldu… Bunu Allah götürməz. İndi o Səkinə həkimin havadarları onu müdafiə edir, xəstənin onun məsuliyyətsizliyi ucbatından həyatı puç olub. Bizə çox mənəvi ziyan dəyib, əslində qızımın istədiyi məbləğ, onun bir gün çəkdiyi iztirabın haqqı deyil. Onun gəncliyini əlindən alıblar”.
Buna da baxın: Uşağını həkimə apardı, qayıdanda evini dağılmış gördü
Məsələ ilə bağlı hadisədə təqsirli bilinən Səkinə Cənnətova ilə əlaqə saxladıq. O, söhbətin Filyar Usubovanın şikayətindən getdiyini biləndə qışqırmağa başladı:
“Bu məsələ prokuroluqda araşdırılıb, cavab da verilib. Mən bu haqda nə deyim ki? Deyirsə ki, səhv araşdırma aparılıb, o zaman yenidən şikayət etsin. Nə deyirəm ki? Araşdırma səhv olubsa, bu, onların səhvidir. Bir də araşdırsınlar onda. Güllələyərlər, gedərik bu Filyarın yolunda”.
S. Cənnətova əməkdaşımızın “necə olub ki, belə bir hadisə baş verib” sualından sonra isə əməlli başlı özündən çıxıb:
“Hadisə qurtarıb. Hadisəni deməkdən ürəyimin arxa divarında infarkt əmələ gəlib. Filyarın da meyitini ağlayım, onu yazıb öyrədənlərin də. Gedin prokurorluğa. O prokurorluq, o Filyar, o da siz”.
Qeyd edək ki, son dövrlər həkim səhlənkarlığından ölən, daxili-xarici orqanını itirən, sağlamlığına ziyan dəyən insanların şikayətlərinin sayı artıb. Aidiyyatı qurumlar isə şikayətlərlə, hadisələrlə bağlı ciddi araşdırma aparmır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun