Fariz Namazlının Xətai Şahverdiyevanı döyməsi təsdiqini tapmadı [Rəsmi]

Fariz Namazlının Xətai Şahverdiyevanı döyməsi təsdiqini tapmadı [Rəsmi]
6 Noyabr 2016
Mətni dəyiş
Daxili İşlər Nazirliyi (DİN) kütləvi informasiya vasitələrində (KİV) vəkil Fariz Namazlıya qarşı təzyiqlərin olması, təxribatların törədilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, F. Namazlıya təzyiqlər olması və ona qarşı təxribat törədilməsinə dair xüsusatlar Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb.
Məlum olub ki, Xəzər rayonundakı Xaşa-Xuna bağ massivində yaşayan Xətai Şahverdiyevanın oktyabrın 20-də "kəllə beyin travması" diaqnozu ilə 8 saylı Təcili Tibbi Yardım Stansiyasına müraciət etməsi barədə Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsində məlumat var:
"Xətai Şahverdiyeva 28-ci polis bölməsinə ərizə ilə müraciət edərək həmin gün saat 15.30 radələrində Bakı Apellyasiya Məhkəməsində vəkil Fariz Namazlı tərəfindən döyüldüyünü bildirib. Oktyabrın 21-də Bakı Apellyasiya məhkəməsinin icra şöbəsindən 28-ci Polis Bölməsinə oktyabrın 20-də keçirilən prosesdə zərərçəkmişin qohumlarının təqsirləndirilən şəxsin vəkili Fariz Namazlıya hücum edərək onu təhqir etdikləri, eləcə də tribunanı zədələdikləri bildirilib. Araşdırma zamanı məhkəmə zalında qeydə alınmış görüntülərə baxış keçirilib və vəkil Fariz Namazlının Xətai Şahverdiyevanı döyməsi öz təsdiqini tapmayıb, əksinə onun ailə üzvlərinin məhkəmə zalında yuxarıda göstərilən qanunsuz hərəkətlərə yol verdikləri müəyyən olunub".
DİN rəsmisi təhqiqat zamanı X. Şahverdiyevanın məhkəmə-tibbi ekspertizasından keçirildiyini, bu zaman onun bədənində yüngül dərəcəli xəsarətlər aşkar olunduğunu da qeyd edib:
"Fariz Namazlı 28-ci polis bölməsinə dəvət olunaraq izahatı alınıb. O, izahatında Xətai Şahverdiyevaya qarşı qanunsuz hərəkətlərə yol vermədiyini bildirib. Vəkil münaqişə zamanı heç bir xəsarət almadığını əsas gətirərək müvafiq ekspertizadan keçməkdən imtina edib.
Artıq sözügedən məsələ ilə bağlı toplanmış material hüquqi qiymət verilməsi üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib".
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun