Ermənistanda qazın qiymətini salıblar

Ermənistanda qazın qiymətini salıblar
29 Noyabr 2016
Mətni dəyiş
Ermənistan hökuməti ölkədə təbii qazın daxili qiymətinin salınması barədə qərarı təsdiqləyib. Qazın "əhəmiyyətli dərəcədə" ucuzlaşdırılması təklifiylə Ermənistanın Rusiyaya məxsus qazpaylama şəbəkəsi çıxış edib.
Ermənistanda İctimai Xidmətlərin Nizamlanması Komissiyasının açıqlamasında deyilir ki, ev təsərrüfatında işlənən təbii qazın bir kubmetrinin qiyməti 5% endirilir – 147 dramdan 139 drama düşür (29 ABŞ senti və ya 51 qəpik). Azgəlirli ailələr isə təbii qazın hər kubmetrinə görə 100 dram (21 sent) ödəyə bilərlər. Ancaq belə ailələr onlara düşən limiti keçmədikləri halda ucuz qazdan yararlanacaqlar.
Korporativ, yəni ümumi istehlakçılardan ötrü Ermənistanda təbii qaz 15% ucuzlaşacaq. Bu istehlakçılar qazın bir kubmetrinə 116 dram (24 sent) ödəyəcəklər. İstixana sahiblərinə, ərzaq məhsulları istehsal edənlərə daha çox güzəşt olunur, onlar qazın hər kubmetrinə görə 102 dram (21 sent) xərcləyəcəklər.
MÜQAYİSƏ ETSƏK...
Azərbaycan Tarif Şurasının yeni qərarına görə, ölkədə təbii qazın qiyməti əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılardan ötrü dəyişməyib, mövcud 10 qəpik səviyyəsində saxlanılıb, bu isə 6 ABŞ sentindən aşağıdır. Artım illik istehlak həcmi 1500 kubmetrdən çox olan hissə üçün nəzərdə tutulub, bu cür istifadəçilər yanvarın 1-dən bir kubmetrə görə 20 qəpik, yəni 11.4 ABŞ senti ödəyəcəklər. Ermənistanda qazın ucuzlaşmasıyla bağlı qərar gələn il, yanvarın 1-dən qüvvəyə minir. Bundan cəmi bir neçə ay sonra isə ölkədə parlament seçkisi keçiriləcək və səsvermədə hakim Respublika Partiyasının qalib gələcəyi gözlənir.
Ucuzlaşma təklifini prezident Serzh Sarkisian-ın sentyabrda təyin etdiyi baş nazir Karen Karapetian da irəli sürmüşdü. K.Karapetian son 5 ildə Rusiyada yaşayıb, Ermənistanın təbii qaz tələbatının 80%-ni ödəyən dövlət şirkətində – "Gazprom"da rəhbər vəzifələrdə çalışıb, 2001-2010-cu illərdə Ermənistana təbii qazın ötürülməsi məsələlərinə baxıb. O, Ermənistanın baş naziri vəzifəsinə təyin olunandan az sonra – noyabrın 1-də "Gazprom"un rəhbəri Aleksei Miller Yerevana gedibmiş. Elə bu səfərdən sonra "Gazprom-Ermənistan" operatoru təbii qazın tariflərinin endirilməsi təklifini irəli sürüb.
MİN KUBMETR 150 ABŞ DOLLARIDIR
Amma rəsmilər təsərrüfat üçün nəzərdə tutulmuş ucuzlaşmanın Ermənistanda təbii qazın topdansatış tarifini salmadığını, qazın hər min kubmetrinin yenə də 150 ABŞ dolları olduğunu vurğulayıblar.
"Gazprom-Ermənistan"ın baş direktoru Hrant Tadevosian deyib ki, ucuzlaşma şirkətin ildə 13 milyard dramlıq (27 milyon ABŞ dolları) gəlirdən məhrum olmasıyla sonuclanacaq. Şirkət bu itkini böyük istehlakçıların hesabına ödəyəcəyinə ümidlidir. H.Tadevosian söyləyib ki, Gürcüstan Rusiya qazını Ermənistana ötürdüyünə görə aldığı tranzit haqqını salsa, onların şirkəti ziyanın öhdəsindən gələ bilər. Hazırda Tbilisi ilə bu yöndə danışıqlar gedir.
Ermənistan hökuməti ilin sonuna elektrik enerjisini də ucuzlaşdırmağı planlayır. Çünki ölkədə elektrik enerjisinin 1/3-dən çoxu təbii qaz hesabına əldə olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun