Erməni dissident: "Gəncləri öldürmək olmaz, onların cəmi 20 yaşı var"

Erməni dissident: "Gəncləri öldürmək olmaz, onların cəmi 20 yaşı var"
9 Noyabr 2016
Mətni dəyiş
Çərşənbə günü Bakıda üç erməni dissident Vaqe Asetyan, Vaan Martirosyan və Azərbaycana sülhməramlı missiya ilə gələn Syuzana Caqinyanın mətbuat konfransı keçirilib.
Ötən gün onlar sülhməramlı konfransda iştirak ediblər və azərbaycanlı hüquq müdafiəçiləri ilə birlikdə xalqları və prezidentləri barışığa çağıran bəyanatla çıxış ediblər.
Mətbuat konfransının aparıcısı Azərbaycan QHT Forumunun rəhbəri Rauf Zeyni jurnalistləri Bayraq Günü münasibətilə təbrik edərək Qarabağın paytaxtı Xankəndidə dövlət bayrağının  ucaldılmasını arzulayıb.
“Mən Azərbaycan prezidentini müdriklik nümayiş etdirərək müharibəyə son qoymağa çağırıram, çünki digər tərəfdə öz vətəndaşlarını vecinə almayan Sarqsyan kimi məsuliyyətsiz siyasətçilər var”, - Syuzana Caqinyan bildirib.
Onun sözlərinə görə, Ermənistanda çoxları belə düşünür: “Mənim gəlişim məsələnin həllinə töhfə verməyə yönəlib. Gəncləri öldürmək olmaz, onların cəmi 20 yaşı var. Bizim hökumətin törətdiyi bütün maneələrə baxmayaraq, biz sülhə nail olacağıq”,- o vurğulayıb.
Caqinyan qeyd edib ki, Ermənistan hakimiyyətinin öz xalqına etdiyi erməni xalqına qarşı əsl soyqırımdır.
“Qarabağ münaqişəsi Qarabağ xalqına ancaq göz yaşı, ağrı gətirib,  başqa heç nə” deyən Caqinyan Ermənistandan getməsini onunla izah edib ki onu ölmüş elan edərək pasportdan məhrum ediblər.
Ötən gün azərbaycanlı-erməni qarışıq ailələri ilə görüşən Vaan Martirosyan deyib ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın azərbaycanlılarla ermənilərin genetik baxımdan bir araya sığmaması barədə məsuliyyətsiz bəyanatı faşizmin təzahüründən başqa bir şey deyil:
Caqinyan bildirib ki, hər iki tərəf sülh barədə nə qədər çox düşünsə bu, daha tez reallaşar.
Martirosyanın fkrincə, əgər Ermənistanda demokratik yolla seçilmiş hökumət hakimiyyətə gələrsə hər şey dəyişə bilər. “Hazırda hakimiyyət Qarabağ klanının əlindədir və biz əminik ki, onlar bu problemlə birlikdə birdəfəlik gedəcəklər və onları Haaqa tribunalı gözləyir”,- o vurğulayıb.
Caqinyan Qarabağ münaqişəsinin nizamlanmasını Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür: Dağlıq Qarabağa neytral status veriləcək, erməni və Azərbaycan icmaları birlikdə yaşayacaq. “İki xalq birlikdə yaşamalıdır və buna doğru getmək lazımdır”, - o qeyd edib.
Martirosyan deyib ki, erməni diasporunda yetərincə nüfuzlu şəxslər var ki, onlar Azərbaycanla sülhə tərəfdardır. O, buna nümunə kimi Armen Ciqarxanyanı və başqalarını göstərib.
O, erməni və azərbaycanlı hüquq müdafiəçilərinin ilk dəfə Bakıda konfransda toplaşaraq birgə bəyanat qəbul etməsi faktına da toxunub.
“Biz hər iki tərəfdə ictimaiyyəti qaldırmaq istəyirik”, - o, bu təşəbbüs barədə danışıb.
Öz növbəsində R. Zeyni bildirib ki, Azərbaycam tərəfi Yerevanda bu cür konfransda iştiraka hazırdır, ancaq Ermənistan hakimiyyəti görüş iştirakçılarının təhlükəsizliyinə zəmanət verməlidir.
Vaqe Asetyan ümidvar olduğunu bildirib ki, Ermənistandan qovulan azərbaycanlılar tədricən geri qayıdacaqlar: “Biz birlikdə qayıdacağıq. Və həmin gün gələcək”.
Cənubi Qafqaz sühməramlı təşəbbüslər təşkilatının üzvü Asetyan qeyd edib ki, onun Bakıya səfəri şəxsi təşəbbüsdür. “Ancaq mən görürəm ki, dünən konfransda münaqişənin nizamlanması ilə bağlı fundamental baza formalaşıb və biz bu işi davam etdirəcəyik. Əgər Ermənistanda konfrans baş tutmasa biz onu Gürcüstanda və ya Azərbaycanda keçirəcəyik və bizim sayımız artacaq”, -o vurğulayıb.
Asetyan deyib ki, beynəlxalq hüquq prinsiplərinə hörmət etmədən sülh yaratmaq mümkün deyil: “Azərbaycanın ərazi bütövlüyünə hörmət etmədən sülhü bərqərar etmək olmaz. Qarabağlıları – erməniləri və azərbaycanlıları bir masa arxasında əyləşdirmək lazımdır və onlar özləri razılığa gələ bilər, çünki onları bağlayan ümumi şeylər çoxdur”.
Onun fikrincə, ictimai təşkilatlar bu mərhələdə sülh üçün xalq bazası yaratmalıdır, qalanını siyasətçilər edəcəklər.
“Biz erməni sülhməramlıları dəfələrlə demişik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Mənim gəlişim xalq diplomatiyası aktıdır. İndiyədək atılan bütün addımlar siyasətçilərin yox, xalq diplomatiyasının sayəsində atılıb”,-o vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun