Dünyanın 200 məşhur yazıçısı uşaq hüquqları naminə bir araya gələcək

Dünyanın 200 məşhur yazıçısı uşaq hüquqları naminə bir araya gələcək
14 Noyabr 2016
Mətni dəyiş
Ümumdünya Uşaqlar Günü - dünyanın iki yüz məşhur yazıçısı uşaq hüquqları naminə bir araya gələcək. Chimamanda Adichie, Paulo Coelho, Christina Lamb və Nuruddin Farah uşaqlar üçün arzuladıqları dünyanı işıqlandıran “Kiçik Hekayələr”i qələmə almaq üçün dünya yazıçıları ilə bir araya gələcəklər.
UNİSEF-in Bakı ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ayna Mollazadə Trend-ə bildirib ki, Azərbaycan yazıçıları Çingiz Abdullayev, gənc yazarlar Rəna Yüzbaşova, Elçin Səfərli, Günel Anar qızı və Azərbaycan Yazıçılar Birliyinə bu layihə ilə bağlı müraciət edilib. A.Mollazadə deyib ki, qurum layihə ilə bağlı həyata keçirilən fəaliyyəti dəstəkləyəcəyini bildirib.
200-dən artıq məşhur yazar, o cümlədən roman, pyes və şer yazarı Ümumdünya Uşaqlar Gününü və dünyanın ən yoxsul və ən çox məhrumiyyətlərə məruz qalan uşaqlarının bir çoxunun hələ də üzləşdiyi ədalətsizliyi işıqlandırmaq məqsədilə, bu həftə yeddi istiqamətin hər biri üzrə “kiçik hekayələr” qələmə alan dünya ədəbiyyat kampaniyasına qoşulublar. Bu kiçik hekayə silsilələri ilə hər bir uşağa kömək və ümid bəxş etmək üçün çalışan UNICEF-in 70-ci ildönümü mərasimi başlayacaq. Bu qısa hekayələri dünyanın ən məşhur yazıçılarının bəziləri özlərinin sosial mediadakı auditoriyaları ilə paylaşacaqlar. Finlandiyanın Birinci Xanımı Jenni Haukio Asiya, Afrika, Cənubi Amerika, Avropa, Yaxın Şərq və Avstraliyadan kampaniyaya qoşulan yazıçılar tərəfindən genişləndirilən müvafiq konsepsiyanı təqdim edib.
Tanınmış Nigeriya yazıçısı Chimamanda Adichie deyib:
"Biz yazıçılar olaraq, hekayə nəql etmənin sadəliyi vasitəsilə aktiv dəstək göstərməyə qadirik. Bu dəyərli və vacib kampaniya ilə biz bütün dünyadakı dəyərli uşaqların hüquqlarının müdafiəsi üçün lobbiçilik fəaliyyəti aparırıq”.
Uşaq nağılından romanadək müxtəlif janrlarda yazan yazıçılar qrupuna dünyanın dərc olunan ən gənc yazarlarından biri - yeddi yaşlı Cənubi Afrikalı Michelle Nkamankeng də daxildir. 10-dan çox dildə yazılmış və fərqli üsluba malik hekayələrin hamısında bir çox uşağın hüquqlarına hələ də etinasız yanaşıldığından bəhs olunur.
Bu kampaniya uşaq hüquqları üçün təhlükələrin artdığı bir zamanda ortaya çıxıb. İndiyədək 50 milyondan artıq uşaq münaqişələr, yoxsulluq və iqlim dəyişmələri üzündən öz evlərindən didərgin düşüb və bundan da çox sayda uşaq öz icmalarında qorxunc zorakılıqla üzləşir. Təqribən 263 milyon uşaq məktəbə gedə bilmir. Keçən il isə beş yaşından kiçik təqribən altı milyon uşaq qarşısının alınması adətən mümkün olan xəstəliklərdən dünyasını dəyişib.
UNICEF-in mətbuat katibi Paloma Escudero deyib:
“Hələ də bir çox uşağın həyatına münaqişə təhlükəsi, qeyri-bərabərlik, yoxsulluq və ayrı-seçkiliyin ağır təsir göstərdiyini görmək insanı sarsıdır. Ümid edirəm ki, bu Kiçik Hekayələr dünyaya xatırlada biləcəklər ki, biz həyatı və gələcəyi təhlükədə olan bu uşaqların hamısı qarşısında öhdəliyimizi davam etdirməliyik”.
Chimamanda Adichie öz “Kiçik Hekayə”sindən bu gün noyabrın 20-dək - BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümünədək davam edəcək həmin silsilələrə başlamaq üçün istifadə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun