DTX Xaçmazda xüsusi əməliyyat keçirib - ölən var

DTX Xaçmazda xüsusi əməliyyat keçirib - ölən var
25 Noyabr 2016
Mətni dəyiş
Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) cümə günü Xaçmaz rayonunda keçirdiyi əməliyyat nəticəsində "terrorçuluqda təqsirləndirilən şəxsi məhv etdiyi" barədə məlumat yayıb.
Abzas.net xəbər verir ki, 1974-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Rəhimov Ramiq Nazir əməliyyat tədbirləri zamanı təslim olmaq barədə qanuni tələblərə tabe olmayıb və silahlı müqavimət göstərib.
Təhlükəsizlik Xidmətinin rəsmi məlumatında deyilir ki, Ramiq Rəhimov Azərbaycanın hüdudlarından kənarda "dini düşmənçilik zəminində silahlı münaqişələr aparan terrorçu təşkilata" üzv olub və yaşadığı ərazidə tərəfdaşlarından ibarət "camaatın əmiri" kimi fəaliyyət göstərib:
"O, həmçinin, vətəndaşları silahlı münaqişələrə cəlb etməkdə, cinayətkar təşkilatın üzvlərinin gizli yığıncaqlarını və əlaqələndirilməsini təşkil etməkdə şübhəli bilinib".
DTX bildirib ki, əməliyyat-axtarış tədbirləri, şübhəli bilinən şəxslə bağlı "qanunsuz odlu silah və partlayıcı vasitələr əldə edərək həmin təşkilatın terrorçuluq məqsədləri və insanların oğurlanması planları" barədə daxil olmuş məlumat əsasında tətbiq olunub.
Terrorçuluğa, adam oğurluğuna hazırlıq və digər cinayət faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən aparılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun