Baş Prokurorluq: ‘'Cahangir Hacıyev işi üzrə araşdırma davam edir’'

Baş Prokurorluq: ‘'Cahangir Hacıyev işi üzrə araşdırma davam edir’'
2 Noyabr 2016
Mətni dəyiş
Beynəlxalq Bankın 15 il azadlıqdan məhrum edilmiş sabiq rəhbəri Cahangir Hacıyevin işi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, sözügedən işin bəzi epizodlar üzrə geniş istintaq-əməliyyat tədbirləri aparılır.
E.Sultanov xatırladıb ki, məhkəmə hökmünə görə, C.Hacıyev 2001-2015-ci illərdə Beynəlxalq Bankın sədri vəzifəsində olarkən mütəşəkkil dəstə yaradıb.
Öz qulluq mövqeyindən sui-istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını talamaqla vəzifə saxtakarlığı törədib.
E.Sultanov bildirib ki, Maliyyə Nazirliyinin vəzifəli şəxslərinin qanun pozuntularına yol verməsi barədə C.Hacıyevin səsləndirdiyi ittihamların heç bir əsasının olmadığı müəyyən edilib.
Baş Prokurorluq rəsmisinin sözlərinə görə, C.Hacıyev və digərləri Beynəlxalq Bankdan yüz milyonlarla vəsaiti çoxpilləli köçürmələr vasitəsilə xarici ölkələrdə bilavasitə özlərinin yaratdığı fərqli adlar altında olan hüquqi şəxslərə ötürüblər. Banka heç bir fayda gətirmədiyi bildirilən həmin vəsaitlərin müxtəlif layihələrə yönəldilməsi və mənimsənilməsi ilə bağlı epizodlar araşdırılır.
Prokurorluq araşdırmaların nəticəsi barədə açıqlama veriləcəyini də bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun