Azərbaycanda respondentlərin 60%-i bu suala cavab verməyib

Azərbaycanda respondentlərin 60%-i bu suala cavab verməyib
16 Noyabr 2016
Mətni dəyiş
"Beynəlxalq Şəffaflıq" Korrupsiyaya qarşı Qlobal Koalisiya 2016-cı il üçün Qlobal Korrupsiya Barometrini təqdim edib. Bu barədə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi məlumat yayıb.
Məlumatda deyilir ki, builki qlobal hesabat ayrı-ayrı regionlar üzrə buraxılışlar formasında nəşr olunur və Azərbaycana dair nəticələr Avropa və Mərkəzi Asiyada yerləşən 42 ölkənin 60 000-dən çox sakininin rəyini özündə əks etdirən ümumi hesabata daxil edilib. Azərbaycanda sorğuda iştirak etmiş şəxslərin sayı 1 510 olub və sorğu 2016-cı ilin aprel-avqust aylarında keçirilib.
Hesabata görə, Azərbaycanda respondentlərin 21%-i korrupsiyanı ölkəsinin üzləşdiyi ən böyük problemlərdən biri hesab edir. Bununla bərabər, respondentlərin 59%-i işsizliyi, 21 %-i təhsili, 9%-i cinayəti, 8%-i ictimai səhiyyəni ən böyük problem hesab edir.
Azərbaycanda sorğu iştirakçılarının 15%-i hökumətin korrupsiyaya qarşı göstərdiyi səyləri mənfi qiymətləndirib. Respondentlərin 24 faizi hökumətin anti-korrupsiya fəaliyyətini müsbət qiymətləndirib. Amma respondentlərin 60%-i bu suala cavab verməyib.
Region ölkələrində siyasətçilər və vəzifəli şəxslərin korrupsiyalaşma səviyyəsi ən yuxarı hesab olunub. Hər üç sorğu iştirakçısından biri hesab edir ki, onların hamısı və ya çox hissəsi korrupsiyalaşıb. Regional nəticələrdən fərqli olaraq, Azərbaycanda fikri öyrənilənlərin 11%-i vəzifəli şəxslər və siyasətçilərin korrupsiyalaşdığını bildirib. Bu sual Azərbaycanlı respondentlərin böyük hissəsi üçün çətinlik yaradıb, belə ki, respondentlərin təxminən yarısı suala cavab verməyib. Bununla belə, respondentlərin 21%-i polisi, 18%-i vergi və maliyyə orqanları əməkdaşlarını, 16%-i hakimləri və 14%-i yerli hakimiyyət orqanları əməkdaşlarını korrupsiyalaşmış hesab edir.
Azərbaycanlı respondentlərin 10%-i biznesləri korrupsiyalaşmış hesab edir. Azərbaycanda rəyi soruşulanların 43%-i hesab edir ki, varlı şəxslərin hökumətin qərarlarına kənar təsiri mövcuddur.
Rüşvətxorluq hələ də problem olaraq qalır və region sakinləri arasında hər 6 ailədən 1-i rüşvət verdiyini qeyd edib. Bu əmsal MDB ölkələrində xüsusilə yüksəkdir. Belə ki, dövlət xidmətlərindən istifadə edən bölgə sakinlərinin üçdə biri (30%-i) ötən il rüşvət verdiyini deyib. Bu göstərici xüsusilə Tacikistanda yuxarıdır (50%).
Azərbaycanda dövlət xidməti istifadəçilərinin 38%-i rüşvət verdiyini deyib.
Azərbaycanda fikri öyrənilənlərin 23%-i sadə insanların korrupsiyaya qarşı mübarizəyə töhfə verə bilməməsi haqqında rəylə razılaşıb.
Region üzrə rüşvət vermiş hər 5 nəfərdən 1-i bu hadisə barədə məlumat verib. Bir çox insan ona görə korrupsiya halları haqqında məlumat vermir ki, onun mümkün fəsadlarından qorxur (30%). Bundan başqa, respondentlərin yarıdan bir qədər azı hesab edir ki, korrupsiya halları haqqında məlumat verilməsi cəmiyyət tərəfindən məqbul hesab olunur (38%).
Azərbaycanda rüşvət verdiyini deyənlərin sayı daha azdır: hər 10 nəfərdən 1-i rüşvət verdiyini bildirib (9%). Korrupsiya halları haqqında məlumat verilməsinin mümkün fəsadlarından qorxan Azərbaycanlı respondentlərin sayı isə 14%-dir. Sorğu iştirakçılarının 12%-i isə korrupsiya barədə məlumat verilməməsini onun sübut edilməsinin çətin olması ilə əlaqələndirib.
Regionda sorğu iştirakçılarının müvafiq olaraq 18% və 20%-i korrupsiya halları haqqında məlumat verilməsini və rüşvət verməkdən imtina edilməsini korrupsiyaya qarşı mübarizədə ata biləcəkləri ən səmərəli addım hesab edirlər. Bununla belə, Avropa və Mərkəzi Asiyada fikri öyrənilənlərin 27%-i sadə insanların korrupsiyaya qarşı mübarizədə heç nə edə bilməyəcəyi fikri ilə barışır.
Əksinə, bəzi insanlar korrupsiyaya qarşı mübarizədə fərdi təşəbbüslərə üstünlük verir, ya proaktiv formada korrupsiya halları barədə məlumat verməyi (7%), ya da passiv formada rüşvət verməkdən imtina etməyi  (17%) sadə insanlar tərəfindən daha səmərəli mübarizə yolları hesab edir. Azərbaycanda petisiyaların imzalanması, anti-korrupsiya təşkilatlarının fəaliyyətinin dəstəklənməsi kimi kollektiv fəaliyyət növləri sadə vətəndaşlar üçün prioritet deyil. Region göstəricisilə müqayisədə daha az sayda insan – respondentlərin 23%-i korrupsiyaya qarşı mübarizədə sadə insanların heç nə edə bilməyəcəyini qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun