Azərbaycan Serbiyanı TAP-a qoşulmağa dəvət edir

Azərbaycan Serbiyanı TAP-a qoşulmağa dəvət edir
8 Noyabr 2016
Mətni dəyiş
“Serbiya Azərbaycanın tranzit imkanlarından istifadə edə, eləcə də TAP layihəsinə qoşula bilər”.
Bu sözləri Serbiyada səfərdə olan iqtisadiyyat naziri Şahin Mustafayev baş nazir Aleksandr Vuçiç ilə görüşündə deyib.
Bu haqda İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Azərbaycan-Serbiya əlaqələrinin inkişaf perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirə aparılıb.
Azərbaycan-Serbiya əlaqələrinin strateji əməkdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edən Ş. Mustafayev bunun inkişafının zəruriliyini ifadə edib. Nazirin sözlərinə görə, iki ölkə arasında ticarət, investisiya sahələrində əhəmiyyətli işlər görülüb, biznes forum keçirilib. Belqradda Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatası fəaliyyətə başlayıb.
Hazırda Azərbaycanda 4 serb şirkətinin fəaliyyət göstərdiyini deyən nazir qeyd edib ki, Azərbaycan şirkətləri Serbiyada özəlləşdirmə prosesində, infrastruktur və kommunal layihələrdə iştirak edə bilərlər.
Serbiyanın baş naziri isə ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib.
Səfər çərçivəsində nazirin Serbiyanın əsas avtomobil magistralının Ljig-Boljkovci, Boljkovci–Takovo və Takovo-Preljina hissələrinin açılışında da iştirak edəcəyi bildirilir. Həmin magistral Azərbaycanla Serbiya hökuməti arasında imzalanmış Kredit Sazişinə əsasən maliyyələşdirilib. Layihənin baş podratçısı «AzVirt MMC» şirkəti olub.
Azərbaycan bir neçə il əvvəl Serbiyada avtomobil yolunun tikintisinə 300 milyon avro məbləğində kredit ayırmışdı. Həmin kreditin üç illik güzəştlə, 4 faizə 15 illiyə verildiyi bildirilirdi.
TANAP və TAP “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsidir. Bu layihə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun