Nemət Əliyev: "Neft Fonduna daxilolmalar göstərilən rəqəmlərdən daha çoxdur"

Nemət Əliyev: "Neft Fonduna daxilolmalar göstərilən rəqəmlərdən daha çoxdur"
23 Noyabr 2016
Mətni dəyiş
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2016-cı ilin noyabrın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.
ARDNF-nın açıqlamasına görə, Azərbaycan neftdən 123 milyard dollar gəlir əldə edib.
İqtisadçı ekspert Nemət Əliyev Abzas.net-ə açıqlamasında bildirib ki, Neft Fonduna daxilolmalar göstərilən rəqəmlərdən daha çoxdur:
"2015-ci ilin sonuna Neft Fondunun ümumi gəlirləri 124,9 milyard dollar olub. 2016-cı ilin III rübü ərzində isə daha 6,6 milyard manat və ya 4,2 milyard dollar daxil olub. Bunu da üzərinə gəlsək, belə məlum olur ki, Neft Fonduna oktyabr ayının 1-nə qədər 129 milyard dolların üzərində pul daxil olub. Oktyabr ayını da nəzərə alsaq, 134 milyard dollara yaxın gəlir alınır. Digər tərəfdən Fond izahat verib ki, oktyabr ayının 1-nə qalıq aktivlər 35,8 milyard dollar təşkil edir. Deməli, Neft Fonduna daxil olan ümumi gəlirlərin 93,3 milyard dolları və ya 72%-dən çoxu xərclənib. Xərclənən pulların 90%-dən çoxu dövlət büdcəsinə transfert edilməklə, 3%-ə yaxını isə “qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli” adıyla xərclənib. Qalan vəsaitlər isə cürbəcür infrastruktur və sosial layihələrin maliyyələşdirilməsi istiqamətlərinə yönəldilib. Müqayisəli təhlillər və 2015-ci ilin əvvəllərindən müşahidə olunan tendensiyalar onu deməyə əsas yaradır ki, Neft Fondundan xərclənən milyardlar çox səmərəsiz şəkildə istifadə olunub" – deyə ekspert bildirib.
İqtisadçının fikrincə, o milyardlardan düzgün istiqamətdə və səmərəli şəkildə istifdadə olunsaydı, az müddətdə bu qədər böyük itkilərə məruz qalmazdıq.
"100 milyarda yaxın xərcləmələrdən sonra məlum olub ki, ölkədə rəqabət qabiliyyətli, iqtisadi gəlirlərin davamlı axınını təmin edən və bu axın tempini saxlayan çevik iqtisadi sistem qurulmayıb. Hələ yalnız xam neft qiymətinin aşağı düşməsi səbəbindən böyük həcmdə gəlirlərdən məhrum olmuşuq. Ölkənin bank sektoru, qiymətli kağızlar bazarı batıb, daşınmaz əmlak bazarı, tikinti sektoru çöküb. Yerli və xarici investorlar milyardlarla ölçülən investisiya vəsaitlərini Azərbaycandan kənara çıxarır, iş yerləri bağlanır. Dövlət büdcə gəlirlərinin formalaşmasında əməlli-başlı çətinliklər meydana çıxıb. Emal sahələrinin 47-48%-də tənəzzül yaşanır. Xarici ticarətimiz xeyli zəifləyib. Milli valyutamız dəyərini iki dəfədən çox itirib. Tədiyyə balansında böyük kəsir yaranıb"
N.Əliyev qeyd edib ki, milyardlarla maliyyə vəsaitləri simvolik gəlirlər müqabilində əcnəbi ölkələrdə saxlanılsa da xidmət və real sektorda çalışan sahibkarlarımız aşağı faizli kreditlərin üzünə həsrət qalıb. Odur ki, Neft Fondundan xərcləmələrin səmərəli olmasından danışmağa dəyməz.
%d1%83%d0%ba%d0%b5İqtisadçı ekspert Natiq Cəfərli isə açıqlamasında bildirib ki, neft gəlirlərinin böyük hissəsi infrastruktur layihələrinə, təmir-tikinti işlərinə xərclənib. Yəni, bəzi kəmiyyət dəyişikliyinə nail olunub.
O, qeyd edib ki, bu layihələr ölkədə keyfiyyət dəyişikliyinə səbəb olmayıb:
"3900 məktəb tikilib, təmir edilib - amma təhsilin keyfiyyəti aşağı düşüb, Ali Məktəblərə keçid balı azalıb, 550 xəstəxana tikilib, təmir edilib, amma vətəndaşlar müalicəyə İrana, Türkuyəyə, Gürcüstana gedirlər. Ya da, 2000 km yaxın yol çəkilib, amma keyfiyyət pis olduğundan, təzə yollar tez-tez təmirə bağlanır. Belə misalları uzatmaq da olar" - deyə N.Cəfərli bildirib.
İqtisadçı ekspert Məhəmməd Talıblı isə açıqlamasında bildirib ki, əsrin kontratkı çərçivəsindən indiyə qədər 125 milyard dollardan artıq gəlir əldə olunub. Ekspertin sözlərinə görə, bu məbləğin əhəmiyyətli bir hissəsi dövlət büdcəsinə transfert edilməklə xərclənib. Yerdə qalan vəsait isə NF-nun özünün müəyyənləşdirdiyi çoxsaylı iri investisiya və sosial layihələrə xərclənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun