“Ayda 500 min manatı Əli Abbasovun tapşırığı ilə almışam”

“Ayda 500 min manatı Əli Abbasovun tapşırığı ilə almışam”
18 Noyabr 2016
Mətni dəyiş
“Aztelekom” MMC epizodu üzrə ifadə verən Rabitə və Yüksək Texnologiya Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov MMC-nin direktoru Məhəmməd Məmmədovla üzləşib.
Sabiq aparat rəhbəri 02.11.2015-ci il tarixli ifadəsində göstərib ki,  “Aztelekom” MMC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan təşkilatlardan biri olub: “Nazir Əli Abbasov tərəfindən “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədova tapşırıq verildi ki, hər ay, yəni 2009-cu ildən başlayaraq ayda onlara 500.000 manat pul verməlidirlər. Ona görə də 2009-cu ildən başlayaraq “Aztelekom” MMC-dən aylıq “stabil” olaraq ona 500.000 manat pul gətirilib verildi. Həmin pulu ya Məhəmməd Məmmədov özü, ya köməkçisi Qulu və ya onun baş mühasibi Oktay Rüstəmov gətirirdi. Qulu çox az-az gəlirdi, belə ki, Məhəmmədin işi olduqda Oktay, olmadıqda pulu Qulu gətirib verirdi. Hər ayın sonunda, bir qayda olaraq ayın 28-dən növbəti ayın 2-3-nə kimi olan müddətdə “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov nazir Əli Abbasovun qəbuluna gedib, birliyin gəlirləri, verəcəyi pulun miqdarı barədə onu məlumatlandırırdı. Bildiyimə görə, birliyin direktoru nazirə gəlirlərini və gətirilib veriləcək məbləği bildirirdi. Çünki birliyin direktoru nazirin qəbulundan çıxandan sonra mənim yanıma gəlib nazirlə görüşdüyünü və birliyin baş mühasibi Oktayın mənimlə əlaqə saxlayacağını deyirdi. Bundan sonra isə birliyin baş mühasibi Oktay Rüstəmov  zəng edib gəlmək istədiyini bildirir və razılıq verdikdən sonra çanta ilə yanıma gəlib yuxarıda qeyd etdiyim miqdarda pulu verirdi. Heç vaxt gətirilən pulları saymamışam, çünki onlar ”paçka” şəklində və bağlanmış vəziyyətdə olurdu və pulun məbləğinin düz olduğuna inanırdım”.
V.Zeynalov ifadəsinin ardında bildirib ki, 2009-cu ildən başlayaraq 2013-cü ilin aprel ayına kimi “stabil” olaraq “Aztelekom” MMC-dən aylıq 500 min manat pul gətirilib. 2014-cü ildən başlayaraq isə mənə  aylıq 200.000 manat pul verilirdi. “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədova bizə verdiyi pullardan başqa aylıq 50.000 manat pul qalırdı. Eşitdiyimə görə, Məhəmməd Məmmədov baş mühasibi Oktay Rüstəmova aylıq 3000 manat, köməçisi Quluya 1000 manat, digər müavinlərinə isə aylıq 1000-2000 manat arası pul verirdi. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər struktur qurumları kimi “Aztelekom” MMC də əsasən kabel çəkilişi, avadanlıq alınması, binaların təmir edilməsi və s. xərcləri müvafiq sənədlərdə yüksək göstərilmək yolu ilə əldə etdiyi vəsaitin bir hissəsini mənə verirdi. “Aztelekom” MMC-nin tabeçiliyində olan Telekommunikasiya qovuşağından 2009-2015-ci illər ərzində vəsaitlər köçürülmüş “Qafqaz-S İnşaat” MMC nazir Əli Abbasovun qaynı Elçin İbrahimova məxsus olub”.
İbtidai istintaq zamanı ifadələr arasında ziddiyyətlər olduğundan iş üzrə təqsirləndirilən “Aztelekom” MMC-nin sabiq baş direktoru Məmməd Məmmədov və nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov arasında  üzləşmə aparılıb. Üzləşmə zamanı Vidadi Zeynalov bildirib ki, Məhəmməd Məmmədovun dedikləri ilə razıdır, əlavə ifadə vermək istəmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun