ATV "Səni axtarıram" verilişi ilə bağlı yayılan görüntüləri təsdiqləyib

ATV "Səni axtarıram" verilişi ilə bağlı yayılan görüntüləri təsdiqləyib
14 Noyabr 2016
Mətni dəyiş
"Azad Azərbaycan" Müstəqil Teleradio Şirkəti "Səni axtarıram" proqramı ilə bağlı "məhz indi ortaya çıxan xoş olmayan məqamlar" barədə açıqlama verib.
Ötən gün Azərbaycan teleməkanının bu reytinqli verilişinin çəkilişi zamanı "real faktlardan yox, quraşdırılmış səhnələrdən" istifadə edilməsilə bağlı Meydan TV videolar yayımlayıb.
Görüntülərdə efirə çıxarılacaq qəhrəmanların başqa formada təqdim olunduğu və yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkimin "qəhrəman"ı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif etməsi görünür.
"...Adı çəkilən verilişin yayımının dayandırılma səbəbi məhz müəyyən müəmmalı məqamların ATV rəhbərliyi tərəfindən dəfələrlə hiss edilməsi olub. Bu qüsurlarla bağlı verilişin aparıcısına və yaradıcı heyətə dəfələrlə xəbərdarlıq edilib", deyə kanal açıqlama yayıb.
Kanal əlavə edib ki, "... yaradıcılıq prosesindəki nöqsanların getdikcə çoxaldığı, həmçinin konkret saxtakarlıqların olduğu dəqiqləşdirildikdən sonra verilişin yayımının dayandırılmasına qərar verilib. Daha sonra verilişin hazırlanmasında iştirak edən bütün heyət kanaldan xaric edilib".
Bu iddialarla bağlı verilişin aparıcısı olan Xoşqədəm Hidayətqızı ilə əlaqə saxlamaq mümkün olmayıb, amma o, addımlarının "hər birindən rəhbərliyin xəbəri olduğunu" söyləyib.
Milli Televiziya və Radio Şurası "kadrlar efirə getmədiyindən" hər hansı münasibət bildirməyəcəyini deyib.
Sosial xarakterli olan "Səni axtarıram" verilişi 2014-cü ilin ortalarına qədər Azad Azərbaycan televiziyasında yayımlanıb. Aparıcı, Xoşqədəm Hidayətqızı televiziya şirkətini tərk etdikdən sonra veriliş bu il fəaliyyətini dayandıran ANS TV-də, hazırda isə "Xəzər" TV-də yayımlanır.
ATV bu qalmaqalda "heç bir rolunun olmadığını" deyərək baş verənləri şirkətə qarşı "qərəzli qaralama" adlandırıb.
"Xoşqədəm Hidayətqızı mətbuatda ATV-ni ittiham edən böhtanlarla çıxış etdikdə isə kanal rəhbərliyi verilişin bağlanmasının əsl səbəbləri ilə bağlı materialları müvafiq dövlət qrumlarına və həmçinin konkret yetkili şəxslərə təqdim edib. Qeyd edək ki, həmin materialların içərisində hazırda yayılan kadrarxası görüntülər də olub", ATV kanalı qeyd edib.
Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı Meydan TV-yə verdiyi açıqlamasında deyib ki, "ATV-də işlədiyim dönəmdə hansı addımlar atmışamsa, hansı işlər görmüşəmsə, hər birindən rəhbərliyin xəbəri var. Ümumiyyətlə, rəhbərliyin izni olmadan mən heç bir addım ata bilmərəm".
MTRŞ-nın sədr müavini Qafar Cəbiyev BBC Azərbaycancaya müsahibəsində deyib ki, "Səni axtarıram" verilişinin çəkilişində qurama olduğu iddia edilən kadrlar Azərbaycan televiziyalarının heç birinin efirində yayımlanmayıb.
Qafar Cəbiyev deyir ki, MTRŞ Azərbaycan televiziyalarında efirə gedən materiallarla bağlı monitorinq aparır və efirə gedən pozuntularla bağlı hər hansı tədbirlər görür.
Bu video isə "efirə getməyib" və ona görə də bunlar haqqında hər hansı münasibət bildirmir, Cəbiyev əlavə edib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun