Ə.Abıyev: "O bayrağa Kolumbiya bayrağı deyənlər erməni dəyirmanına su tökürlər"

Ə.Abıyev: "O bayrağa Kolumbiya bayrağı deyənlər erməni dəyirmanına su tökürlər"
10 Noyabr 2016
Mətni dəyiş
"Daşkəsən rayonunda 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə keçirilən tədbirdə şiferdən hazırlanmış bayraq Ermənistan bayrağı olub. Həmin bayraq Kolumbiyanın bayrağı deyildi".
Bunu Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev "Report"a açıqlamasında deyib. O bildirib ki, həmin bayrağı N saylı hərbi hissə hazırlayıb və sındırılan Ermənistan bayrağını Kolumbiya bayrağı kimi təqdim edənlər erməni dəyirmanına su tökürlər:
"Bu insanlara görə işğal olunmuş ərazilərimizi azad edə bilmirik. Kolumbiya bayrağı ilə Ermənistan bayrağını necə səhv salmaq olar?! Sadəcə, Ermənistan bayrağı tərs tutulub. Məncə, düz ediblər. Həmin bayrağı əks etdirən lövhəni hərbçilər ayaq altına atıb, qıracaqdılar. Dedim, "saxlayın, özüm qırım". Elə bir yumruqla lövhəni sındırdım. Özüm Qarabağ veteranıyam, o bayrağı qıranda ermənilərin vəhşilikləri gözümün önünə gəldi".
Qeyd edək ki, sosial şəbəkələrdə və KİV-də Daşkəsəndə Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirdə şiferdən hazırlanmış bayrağın sındırılması tənqid olunub. Tənqidlər həm icra başçısının belə yanaşmasına, həm də bayrağın Ermənistanın deyil, Kolumbiyanın bayrağına oxşamasına görə.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun