Vəkil Cahangir Hacıyevə bəraət verilməsini istəyib

Cahangir Hacıyev
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan idarə heyətinin sədri Cahangir Hacıyevin və digərlərinin işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda zərərçəkmiş tərəf kimi tanınan “Aqrarkredit” QSC-nin nümayəndəsi çıxış edərək QSC-yə 7 milyon 600 min manat zərər dəydiyini və həmin məbləğin təqsirləndirilən şəxslərdən alınaraq QSC-yə ödənilməsini istəyib.
Daha sonra iclasda C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev müdafiə çıxışı edib. O, istintaqın qanunsuz aparıldığını bildirib və müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib: “Bütün ittihamlar qərəzli və ədalətsizdir. Bu cinayət işinə xitam verilməlidir. İibtidai istintaq və məhkəmə istintaqı qərəzli şəkildə aparılıb. Mülki xarakterli məsələ Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsində araşdırılıb. Cahangir Hacıyevə qarşı fiziki və psixoloji təzyiqlər olub, iş birtərəfli aparılıb. Hər şey onun üzərində qurulub ki, nəyin bahasına olursa-olsun Cahangir Hacıyevə ittiham verilməlidir. Cahangir Hacıyev 38 gün qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Onun barəsində heç bir zərurət olmadığı halda həbs-qətimkan tədbiri seçilib. Cahangir Hacıyevin həbs qərarı ilə bağlı şikayət Avropa Məhkəməsinə göndərilib. Məhkəmə şikayəti icraata qəbul edib. Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Hacı Məmmədov tərəfindən oğurlanmışdı. “Qara kəmər” əməliyyatından sonra Zamirə Hacıyeva azad edildi. Cahangir Hacıyevin o vaxtdan DİN-lə problemləri yaranmışdı. Ona görə də biz, işin DİN-in tabeliyində olan Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsində aparılmasına etiraz edirdik. Amma bu barədə vəsatətlərimiz təmin edilmədi. İstintaq yekunlaşanda da biz etiraz etdik. Çünki istintaq natamam aparılmışdı. Bir çox məsələlər araşdırılmamışdı. Ümumiyyətlə, istintaq zamanı qeyri-adi dərəcədə qanunsuzluqlara üzləşdik. Cahangir Hacıyev hansı sənədi saxtalaşdırıb? Heç bir sübut yoxdur”.
C.Hacıyevin digər vəkili Aqil Layıcov da cinayət işinin qanunsuz aparıldığını deyib və bəraət verilməsini istəyib.
Məhkəmə prosesi oktyabrın 5-də davam etdiriləcək.
Ötən iclas zamanı prokuror çıxış edərək Cahangir Hacıyeva 17 il, Anar Sultanov, İlqar Abdullayev, Məmməd Cahangirov, Kənan Orucovun hər birinə 8 il, İbrahin Hüseynovla Yusif Ələkbərova 11 il və Azad Cavadova isə 12 il 11 ay azadlıqdan məhrum edilməsini istəyib.