Tualetdə rüşvət alan gömrük işçisi: "Bizə dedilər ki, adımıza ləkə gəlməsin"

Tualetdə rüşvət alan gömrük işçisi: "Bizə dedilər ki, adımıza ləkə gəlməsin"
28 Oktyabr 2016
Mətni dəyiş
Bakı Ağır Cinayətlər Məhkəməsində Heydər Əliyev adına Beynəlxalq Hava Limanından rüşvət almaqda və qaçaqmalçılıqda təqsirləndirilən 6 nəfər - Aman Muhamməd Baylyyev, Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımov və Ziyafət Qurbanovun cinayət işi üzrə məhkəmə keçirilib.
Hakim Əhməd Quliyevin sədrlik etdiyi məhkəmə prosesində istintaq açıq elan edilib.
Söz dövlət ittihamçısı Ramin Nağdəliyevə verilib, prokuror ittiham aktının nəticə hissəsini elan edib. İttihama münasibət bildirən şəxslərdən yalnız N. Abbasov özünü təqsirli bilib. Qalanları isə ittiham üzrə özlərini təqsirli bilməyib. Prosesdə təqsirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif edilib. İfadə verən Hava Limanında Dövlət Gömrük Komitəsinin sabiq inspektoru Neman Abbasov pula ehtiyacı olduğunu üçün bu cür əməli törətdiyini deyib:
“Növbə rəisimiz Adil Kazımov mənə dedi ki, bir qadın var o gələcək, qızılları var. Onu rəsmi qaydada keçirməsinə kömək et. Bir müddət sonra Ziyafət Qurbanova adlı qadın mənə yaxınlaşdı. Danışdım gördüm ki, başı heç nədən çıxmır. Avam adam olması səbəbi ilə qızılları aparmaq üçün rüsum ödənməli olduğunu deyib, qadından 2200 dollar rüşvət aldım. Qanuna əsasən, Ziyafət xanımdan rüsum tələb etməli deyildim, onu aldatdım”.
Təqsirləndirilən sabiq gömrükçü istintaqa verdiyi ifadələri təsdiq etməyib: "Bizə dedilər ki, deyilən kimi izahat yazaq. Gömrükçülərin adına ləkə gəlməsin”.
Təqsirləndirilən Adil Kazımov Hava Limanında DGK-nın növbə rəisi olduğunu deyib. O, ifadəsində istintaqa verdiyi ifadəni təsdiqləməyib. “Yuxarıdan dedilər ki, izahatı bü cur yazın. Bizim məsuliyyətə cəlb edilməyəcəyimizi bildirdilər. Hadisə ilə bağlı isə Ziyafət Qurbanova adlı qadın mənə zəng edərək xarici qonaqlarının qızıl alıb aparmaq istədiklərini deyib. Onlara izah elədim ki, xarici vətəndaş ölkəyə gətirdiyi valyuta dəyərində qızıl alıb apara bilər. Bunun üçün gətirdiyi pulun bəyannaməsi və aldıqları qızılların “çeki” lazımdır. Həmin gün növbədə olmadığıma görə əlaqə saxlamasını təmin etmək məqsədi ilə Nemanın nömrəsini verdim”.
Prosesdə təqsirləndirilən Ziyafət Qurbanova “Moskva” univermağında qızıl mağazası olduğunu deyib. O, digər təqsirləndirilən Neman Abbasov tərəfindən aldadıldığını bildirib:
“Adil müəllimə dedim ki, Türkmənistandan qohumlarımız gəlib, gedəndə qızıl alacaqlar. Ondan qanuni yolla necə keçirə biləcəyimizi soruşdum. Mənə Nemanın nömrəsini verdi. Neman məni aldatdı ki, 2200 dollar rüsuma pul verməlisən. Mən birinci şübhələndim, öz-özümə dedim ki, rütbəli adamdır, məni aldatmaz, pulu verdim”.
Təqsirləndirilən Türmənistan vətəndaşı Amanmuhammed isə özünü təqsirli bilməyərək, qızıl alveri ilə məşğul olduğunu, Dubay və Türkiyədən alış-veriş etdiyini söyləyib. O qeyd edib ki, heç vaxt bu şəkildə işdə iştirak etməyib: “Çox ölkədə olmuşam, alver eləmişəm. Hansı ölkədən qızıl almışamsa qanuni olub. Bakıya gələndə 48 min dollarım var idi. Ziyafət Qurbanovadan da qızıl aldım və pulu ona verdim. Dedi ki, narahat olma, hər şeyi həll edəcəm”.
Qeyd edək ki, DGK-nın inspektoru Neman Abbasov qabaqcadan digər şəxslərlə əlbir olaraq ümumi dəyəri 285 min manat olan qızıl-ziynət əşyalarını qanunsuz yolla Hava Limanından keçirməyə cəhd ediblər. Bu iş üzrə digər təqsirləndirilənlər Türkmənistan vətəndaşı Baylyyev Amanmuhammed, Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin digər əməkdaşları Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımov və qızıl alverçisi Ziyafət Qurbanovadır. Onlara qarşı Cinayət Məcəlləsinin 312 (rüşvət vermə) və 206 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb. Neman Abbasov qızıl alverçisi Ziyafət Qurbanovadan qızılları təyyarəyə keçirmək üçün 2200 dollar rüşvət alıb. O digərləri ilə əlbir olaraq qızılları qanunsuz yolla hava limanı binasından keçirərək tualetdə Türkmənistan vətəndaşına vermək istəyiblər. Məhkəmə prosesinin davamında digər təqsirləndirilən şəxslər də ifadə veriblər.
DGK-nin sabiq əməkdaşları istintaqa verdikləri ifadələri təsdiq etmədiklərini elan ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun