Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi bəyanat yayıb

Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi bəyanat yayıb
6 Oktyabr 2016
Mətni dəyiş
Həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi bəyanat yayıb.
Bəyanatda qeyd edilir ki, R.Səfərov ölkədə baş verən haqsızlıqlara, rüşvət və korrupsiyaya etiraz edərək işlədiyi prokurorluq orqanından istefa verib:
"Məhz bu səbəbdən də R.Səfərov rüşvətdə ittiham edilərək, əsassız həbs edilib. O, tamamilə absurd ittihamlarla 9 il həbs cəzasına məhkum edildi. Lənkəran Ağır Cinayətlər Məhkəməsi işə baxarkən vəkil B.Bayramova təzyiqlər edilib, müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istənilsə də buna imkan verilməyib, haqqında xüsusi qərar çıxarılacağı ilə hədələnib”.
R.Səfərovun məhkəmədə son sözünü deyə bilməməsi də bəyanatda vurğulanan mövzulardan biri olub:“Bu məhkəmə tarixində görünməmiş bir hadisə idi. Bu Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalara və ölkə qanunvericiliyinə birbaşa ziddir”.
Bəyanatda qeyd edilir ki, Rüfət Səfərovun azadlığa çıxmasından ötrü qanunvericiliyin imkan verdiyi vasitələrdən istifadə ediləcək.
Oktyabrın 5-də Rüfət Səfərovun hüquqlarının Müdafiəsi Komitəsi yaradılıb. Komitəyə Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev rəhbərlik edir.
Ötən il dekabrın 20-də Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlayıb. Bundan sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb.
Yanvarın 15-də Rüfət Səfərova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüş, o, həbs olunmuşdu. Bir həftə sonra - yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etmişdi.
Bu il sentyabrın 8-i Lənkəran Ağır Cinayətlər Məhkəməsi Rüfət Səfərovu 9 il azadlıqdan məhrum edib.
Rüfət Səfərov hakim Yeni Azərbaycan Partiyasından keçmiş deputat, eləcə də Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun