Media Hüquqları İnstitutu qanunlara yeni düzəlişlərlə bağlı narahatdır

Media Hüquqları İnstitutu qanunlara yeni düzəlişlərlə bağlı narahatdır
16 Oktyabr 2016
Mətni dəyiş
Media Hüquqları İnstitutu (MHİ) “Dini etiqad azadlığı haqqında” və “KİV haqqında” qanunlara düzəlişlər layihəsi ilə bağlı narahatlıq ifadə olunan bəyanatla çıxış edib.
Qanun layihələrinin baxılması üçün Milli Məclisin plenar iclasına çıxarılmasına baxmayaraq, parlamentin saytında bu iki sənədin mətni dərc olunmayıb.
Beləliklə, düzəlişlərin layihələndirilməsi, müzakirəsi və qəbulunda şəffaflıq prinsipi pozulub, deyə MHİ-nin məlumatında bildirilir.
İlkin məlumatlara görə, “Dini etiqad azadlığı haqqında” qanuna dini ekstremizmdə təqsirləndirilən dini təşkilatların ləğvi qaydasını müəyyən edən düzəlişlər nəzərdə tutulur.
Siyasi və dini ektremizmin açıq-aydın tərifi verilən qanunların olmadığı bir şəraitdə sözügedən düzəlişin qəbulu dini etiqad azadlığının həyata keçirilməsinə qanunsuz müdaxilələrə gətirib çıxara bilər, MHİ direktoru Rəşid Hacılı belə hesab edir.
Eyni zamanda, KİV haqqında qanuna təklif olunan düzəliş onsuz da sərt məhdudiyyətlərə məruz qalan ifadə azadlığı üçün ciddi təhlükələr yarada bilər.
“Dini azadlıqların həyata keçirilməsindən sui-istifadə hallarına qarşı polisin və təhlükəsizlik orqanlarının iki rolu: həm əməliyyatları həyata keçirməsi, həm də bu hadisələrin işıqlandıran mətbuat üzərində birbaşa senzorluq etməsi yolverilməzdir. Belə məhdudlaşdırmanın legitim əsaslardan məhrumdur və demokratik prinsiplərlə idarə olunan ölkədə nə insan haqları baxımından, nə də səmərəlilik baxımından zəruri sayıla bilməz.
İstər polis, istərsə də digər təhlükəsizlik qurumları konkret hadisə haqqında jurnalistlərin yaydığı informasiyaların senzoru rolunda çıxış edə bilməzlər.
Belə qanunlar və onların əsasında aparılan zorakılıq aktları ekstremist meylləri nəinki zəiflədər, əksinə toplumun dövlətə, rəsmi strukturlara, qanunun aliliyinə və mediaya inamını azaldar, onları qeyri-formal strukturlara yönləndirər və qeyri-formal mediaya, şaiyələrə inanmağa məcbur edər”, - deyə Hacılının açıqlamasında bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun