İlqar Məmmədov və Tofiq Yaqublunun kassasiya şikayətinə baxılacaq

REAL Hərəkatının lideri, siyasi məhbus İlqar Məmmədovun və Müsavat Partiyası başqanının müavini, keçmiş siyasi məhbus Tofiq Yaqublunun Şəki Apelyasiya Məhkəməsinin qərarından verdikləri kassasiya şikayəti Ali Məhkəmədə baxılacaq. Bu haqda Tofiq Yaqublu məlumat yayıb.
Müsavat başqanının müavini “Axır ki, iqtidar cəsarətlənib İlqar Məmmədovla mənim işimə Ali Məhkəmədə baxılmasına qərar verdi. Noyabrın 18-i 2016-cı ildə” – deyə bildirib.
Qeyd edək ki, İlqar Məmmədov və Tofiq Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov 7, Tofiq Yaqublu isə 5 il azadlıqdan məhrum edilib.
Apelyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılmaqdan ötrü Şəki Apelyasiya Məhkəməsinə göndərmişdi.
2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxılması barədə qərar qəbul edib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Həmin ilin noyabrında AİHM T. Yaqublunun şikayətini də təmin edib.
Bu ilin martında isə T.Yaqublu prezidentin əfv fərmanı ilə azadlığa çıxıb. Ancaq bu il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi əvvəlik hökmü qüvvədə saxladığından İlqar Məmmədov, hələ də həbsdədir.